“Azərbaycan-Ermənistan münaqişəsi artıq özünün həlledici məqamına yaxınlaşır. Bu, hələ ki o, demək deyildir ki, problem həll edilir. Sadəcə problemdə iştirak edən tərəflər hansı yolla həllə gedəcəklərini qətiləşdirirlər”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, bundan sonra tərəflər ya danışıqlar yolu ilə nəticəyə gəlmək üçün addımlar atacaqlar, ya da bu görüşlərin mənasız olduğuna qənaət gətirib düşmənçilik hərəkətlərini davam etdirəcəklər:
“Soçi görüşü öncəsi proseslərə nəzər salsaq görərik ki, Azərbaycan bu görüşə gərgin atmosferdə gedir. Rusiya prezidenti Putinin son bəyanatı və Qarabağ ermənilərinin Azərbaycan əleyhinə çıxışlarının Rusiya nəzarətində baş verməsi fonunda Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik onu göstərir ki, Soçi görüşü asan keçməyəcək. Hər hansı məqbul nəticənin gözlənilməsi çətin olsa da hesab edirəm ki, iki ölkə arasında gərginlik yaradan məsələlərə aydınlıq gətiriləcək. Hadisələrin mürəkkəbləşdiyi hiss edilir. Maraqlı güclər nüfuz mübarizəsi uğrunda aktiv fəaliyyət aparırlar. Bu da prosesləri ləngidir. Hesab edirəm ki, Soçi görüşünün ciddi nəticələrlə başa çatması üçün geosiyasi mühit yoxdur. Amma regiondakı nəqliyyat yollarının açılması üçün hansısa addımlar atıla bilər, Zəngəzur dəhlizinin istifadəyə açılması üçün müsbət irəliləyişlər ola bilmə ehtimalı vardır”.
//Gülnarə Abasova, Editor.az

