ŞOK – Ukraynaya qoşun yeritmək…backend

ŞOK – Ukraynaya qoşun yeritmək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında Kiyevə zəmanətlər üstündə gərgin çəkişmə davam edir. ABŞ təkliflərin tez qəbul olunmaması halında onları geri götürə biləcəyini bildirir.

Berlində keçirilən danışıqlarda Aİ-nin aparıcı ölkələrinin və Böyük Britaniyanın liderləri Ukraynanın qorunması və bərpası məqsədilə ABŞ-ın dəstəyi ilə çoxmillətli Avropa kontingentinin yerləşdirilməsi ideyasını dəstəkləyiblər.

Axios yazır ki, Vaşinqtonun məqsədi Ukraynaya maksimum sərt zəmanətlər paketi təklif edib bununla Rusiyaya getməkdir. Eyni zamanda Kiyev və Avropadakı müttəfiqləri ehtiyat edirlər ki, Ukrayna ağır kompromislərə razılaşdıqdan sonra Moskva daha artıq tələblər irəli sürə bilər. Ərazi məsələsi əsas maneə olaraq qalır.

Vaşinqton danışıqlarda irəliləyiş olduğunu düşünür, o cümlədən ərazilərlə bağlı. Politiconun məlumatına görə, Ukrayna nümayəndə heyəti ABŞ-ın Konqres tərəfindən ratifikasiya olunacaq hüquqi cəhətdən bağlayıcı təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazır olması ilə “xoş şəkildə təəccüblənib”. Amerikalı rəsmilər bildirirlər ki, problemlərin təxminən 90 faizi, o cümlədən ərazi məsələləri üzrə razılaşma əldə olunub. Müzakirə olunan ideyalar arasında Zaporojye AES üzərində Moskva və Kiyevin birgə nəzarəti və istehsal olunan elektrik enerjisinin tərəflər arasında bölüşdürülməsi də yer alıb.

ABŞ-ın təklif etdiyi təhlükəsizlik zəmanətləri zamanla məhdudlaşdırılıb. Politico yazır ki, NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər müddətsiz deyil və sürətli qərarların qəbulu üçün stimullaşdırıcı mexanizm kimi nəzərdə tutulur. Kiyevə konkret son tarix qoyulmasa da, Tramp administrasiyası sülh razılaşmasının katolik Miladına – 25 dekabra qədər əldə olunmasını hədəfləyir. Amerikalı rəsmi açıq şəkildə bildirib ki, zəmanətlər “hazırda masanın üzərindədir”, lakin bu vəziyyət əbədi olmayacaq.

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ mümkün qədər tez sülh əldə etməyə çalışır, halbuki Ukrayna üçün əsas məsələ sülhün keyfiyyətidir. O təsdiqləyib ki, Amerika planının ilkin variantından bəzi bəndlər çıxarılıb və Kiyev onların artıq əldə olunmuş razılaşmaların kənarından geri qaytarılmasını istəmir.

Avropa mövqelərini sərtləşdirir. Guardian və Euractiv yazır ki, Berlin danışıqlarında Avropa liderləri ilk dəfə açıq şəkildə çoxmillətli qüvvələrdən, hüquqi baxımdan məcburi zəmanətlərdən və ABŞ-ın rəhbərliyi altında atəşkəsə nəzarət mexanizmlərindən danışmağa başlayıblar. Bununla belə, Aİ-də etiraf edirlər ki, Moskvanın razılığı və ərazi məsələsinin həlli olmadan hətta ən güclü zəmanətlər belə müharibəni bitirməyə yetərli olmaya bilər.

Ərazilər əsas mübahisə mövzusu olaraq qalır. Reutersin vurğuladığına görə, ABŞ istənilən sülh sazişi çərçivəsində Ukraynanın Donbasdan qoşunlarını çıxarmasında israr edir. Zelenski bu təklifi qəbul etmir və regionun nə de-yure, nə də de-fakto Rusiyaya aid kimi tanınmasını mümkün saymır. O təsdiqləyib ki, amerikalılar “azad iqtisadi zona” ideyasını müzakirə edirlər, lakin bunun Rusiyanın nəzarəti altında ola bilməyəcəyini vurğulayıb. Vaşinqtonda isə ərazi güzəştlərinin qaçılmaz olduğu qənaəti üstünlük təşkil edir.

Musavat.com