“Bakını artıq son illərdir ki, güclü yağış nəticəsində sel-su basır. Bakı şəhərində doğulub-böyüyən biri kimi deyə bilərəm ki, son bir neçə ildəki kimi Bakının yağışdan bu qədər əziyyət çəkdiyini görməmişəm”.
Bu fikirləri Editor.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, hər zaman belə yağış olmasına baxmayaraq heç vaxt Bakı şəhərində bu qədər subasma olmayıb:
“Hesab edirəm ki, son bir neçə ildə şəhərdə tikinti şirkətlərinin heç bir normativlərə əməl etmədən tikinti işləri aparması, nəqliyyat infrastrukturunun formalaşdırılarkən təbii fəlakətlərin nəzərə alınmaması nəticəsində bunlar baş verir. Baş verən subasma bir iki ayın işi deyil, son illərdə şəhər idarəetməsində yol verilən səhvlərin nəticəsidir. Təəssüflə qeyd etməliyik ki, daha tez və ucuz qiymətə həll oluna bilən məsələlər zamanında həll olunmadığı üçün əhali, dövlət büdcəsi üçün daha uzunmüddətli və baha başa gələn problemlərə çevrilib. Bununla bağlı ciddi tədbirlər görmək lazımdır. 21-ci əsrdə hansısa ölkənin paytaxtında yağış sularından boğulan insanların olması həqiqətən də üzücü hadisədir. Şəhərin ortasında insanlar boğularaq tunellərdə necə ölə bilər? Dəhşətdir. Bu hadisələr yalnız dağ kəndlərində, regionlarda ola bilər. İnsanların yağışlardan bu qədər əziyyət çəkməməsi üçün sürətli tədbirlər planı həyata keçirilməlidir. Ehtiyac yaranarsa, dünyada da bu sahə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlardan da xidmət almaq olar”.
//Gülnarə Abasova, Editor.az

