Son Brüssel görüşündən sonra Ermənistanda ara qarışdı: Proseslər necə davam edəcək?- Tofiq Abbasov ŞƏRH EDİRbackend

Son Brüssel görüşündən sonra Ermənistanda ara qarışdı: Proseslər necə davam edəcək?- Tofiq Abbasov ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son Brüssel görüşündən sonra da Ermənistanda vəziyyət gözlənildiyi kimi sabit deyil. Ancaq yavaş-yavaş demək olar ki, proseslərdə müəyyən olunmuş xətt öz yerini tapır və bununla da bildirilir ki, geriyə yol yoxdur. Ermənistan istəsə də istəməsə də İlham Əliyevin verdiyi plan üzrə çalışmalarını təmin etməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev artıq sərhəddə delimitasiya proseslərinin həlli ilə bağlı komissiya üzvlərini təsdiqləyib:

“Təbii ki, bunun ardınca da Nikol Paşinyan müvafiq addıma əl atdı. Bu isə onu göstərir ki, rəsmi İrəvan yavaş yavaş anlayır ki, hansı istiqamətdə hərəkətə keçmək lazımdır. Ermənistan daxilində Brüssel görüşündən sonra yaranmış narazılıqların ən böyük günahı Paşinyanın özündədir. Çünki o, ölkə lideri kimi gərək boşluqların yaranmasına imkan verməsin. Məhz həmin boşluqlardan istifadə edən müxalifət insanları küçələrə çıxmağa sövq edir, eyni zamanda xaricdən də bəzi ermənilər etiraz dalğalarını alovlandırmaq üçün ölkəyə gətirilir. Ancaq bunların hər biri əbəsdir. Çünki istənilən halda Ermənistanın artıq Azərbaycana təsir göstərmək imkanı yoxdur. Digər tərəfdən də Prezident İlham Əliyevin verdiyi plan, xüsusilə də Şarl Mişelin bu plana müsbət yanaşması və dəstəkləməsi onu göstərir ki, yavaş- yavaş bölgədə vəziyyət köklü surətdə dəyişir. Bu baxımdan da Ermənistanın başı pozuq revanşist qüvvələri çalışırlar ki, insanlarda çaşqınlıq yaratsınlar. Elə bir görüntü yaradırlar ki, sanki Brüsseldə danışıqlar Ermənistanın maraqlarına ziddir”.

T. Abbasov qeyd edib ki, Ermənistan daxilində qarışıqlıq yaradanlar anlamalıdır ki, Azərbaycan qalib dövlətdir və bu istiqamətdə baş verən bütün proseslər Azərbaycanın gündəliyi üzrə bərqərar olmalıdır:

“Avropa İttifaqının prezidenti Şarl Mişel də məhz bununla bağlı İlham Əliyevlə daha sıx əlaqədədir. Bütün hallarda danışıqlarda Ermənistanın əsas qazancı sülhdür. Azərbaycan bu sülhü öz ərazi bütövlüyünü təmin etməklə qazanıb və Ermənistanın bir xülyası var idi ki, guya Zəngəzur dəhlizinin çəkilməsində Azərbaycan Ermənistandan aslı olacaq. Ancaq bu da yanlış bir yanaşma oldu. Çünki artıq Azərbaycan o məsələyə də alternativ tapıb. Odur ki, Azərbaycanın Ermənistandan heç bir asılılığı yoxdur. Qarabağın Ermənistana heç bir dəxli yoxdur. Həmin ərazilər əzəli Azərbaycan torpaqlarıdır, ermənilər orada sadəcə qonaq idilər. Artıq onların separatist belini də qıraq bildik. Orada yaşayan ermənilər də sabit həyata istəyirlərsə, gərək Azərbaycan qanunlarına tabe olsunlar. Artıq Azərbaycanın tələbləri qüvvədədir və rəsmi İrəvan bunu qəbul edir. Aİ da Azərbaycanın gücünə arxalanaraq bilir ki, məhz bu proseslərdə rəsmi Bakının liderliyi tam şəkildə özünü doğruldacaq”.

//Gülnarə Abasova, Editor.az