Türkiyə Yunanıstanın Egey dənizindəki aktivliyinə qarşı hərəkətə keçdi, NATO və BMT-yə təcili məktub göndərdi…
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun imzası ilə Avropa İttifaqının Ali Nümayəndəsin Borrellə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO və BMT baş katiblərinə məktub göndərilib.
Rəsmi Ankaranın Egey problemlərinin həllinə münasibəti və baxışlarının yer aldığı məktub qısa müddətdə Yunanıstan mətbuatında gündəmə çevrilib.
Daha əvvəl Türkiyə ilə bağlı müxtəlif iddialar səsləndirən “Ta Nea” qəzeti daha bir qalmaqallı yazı ilə oxucularının qarşısına çıxıb və sözügedən məktubu “təxribat” kimi dəyərləndirib.

“CNN Yunanıstan” isə bu hadisəni “Ankara Aİ-ni Egey problemlərinə cəlb etməyi hədəfləyir” şərhi ilə oxucularına təqdim edib.
Yunanıstanın başqa bir qəzeti olan “Kathimerini” isə ilk manşetini Ərdoğanın Bosniya və Herseqovina səfərinə həsr edib.
“Ərdoğan geri dönüşü olmayan bir yolda” başlıqlı xəbərdə bu ifadələrə yer verilib:
“Türkiyə lideri Yunanıstana qarşı təhdidlərini təkrarladı, Rusiyaya qarşı sanksiyalara görə Avropa İttifaqını sərt şəkildə tənqid etdi”.
Xatırladaq ki, ötən ay “Ta Nea” qəzeti avqustun 15-də Afinada vəziyyətin gərginləşəcəyindən narahat olduqlarını yazmışdı.
Məqalədə iddia olunurdu ki, Türkiyə FETÖ terror təşkilatının üzvləri və PKK-çıların qaçış yolu olan Evros, həmçinin ona yaxın adalar üzərində də hərəkətə keçəcək:
“Abdülhamid Han” gəmisi indiyədək heç bir narahatlıq doğurmayan ərazilərdə fəaliyyət göstərsə də, Milli Müdafiə Nazirliyinin rəsmiləri dördüncü ssenarinin reallaşacağından ehtiyat edirlər”.

Xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) də belə bir ssenariyə qarşı həyəcan təbili çaldığı iddia edilirdi.
Yunan mətbuatının günlərlə işıqlandırdığı 3 ssenari belə sıralanmışdı:
1. Gəminin Şimali Kipr Türk Respublikasının (KKTC) kontinental şelfində işləməsi;
2. Gəminin adanın cənub-qərbində işləməsi;
3. Gəminin Rodosun cənubunda fəaliyyət göstərməsi.
Musavat.com

