Azərbaycanda ötən il qeydə alınan nikahların və boşanmaların sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, 2024-cü il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.
Mövzu ilə bağlı BDU-nun müəllimi, psixoloq/psixoterapevt Bayramova Fatimə Editor.az-a açıqlama verib. O, son illərdə nikahların azalmasına səbəb olan psixoloji faktorlar barədə danışıb. Psixoloq bildirib ki, müqayisədə artım müşahidə olunmayıb:
“Lakin təəssüf ki, azalmada yoxdur. Ailələrin dağılma səbəbləri çoxdur. Tədqiqatlara əsasən, işsizlik və imkansızlıq, xəyanət, güzəştə getmə bacarığının olmaması, eqoizm, xarakterin kəskin uyğunsuzluğu və ya eyni zamanda inadkarlıq, həyata baxış bucağının fərqli olması buna aiddir. Lakin bəzən cütlüklərin səbəbsiz yerə boşandıqlarının da şahidi oluruq. Bəzən hər iki tərəf adi, primitiv səbəbdən dolayı problemləri şişirdir, ailələr qarışır, artıq səbəb kimi deyilən faktlardan biri məhz mübahisə zamanı tərəflərin sözlərinin ağırlığı ucbatından olur. Yəni, tərəflərdən biri, qarşı tərəfin əsəbi olduğu zaman ona dediyi sözü qəbul etməməsi olur. Halbuki, insanlar əsəbi olduqları zaman qərar verməkdənsə, problemin həllini sular durulanda reallaşdırsalar ailə-məişət məsələsi böyüməz. Digər səbəb eqoizmdir. Eqoizm qarşı tərəfin illər sonra hislərinin vulkan kimi püskürməsinə səbəb olur. İlk dəfə boşanma səbəbini həyat yoldaşının etdiyi hərəkəti duyan şəxslər üçün primitiv gələ bilər. Amma bir insan üçün illərlə o duyğunu yığıb sonda partlaması normal haldır. Digər səbəblərdən biri, ailələrə olan müdaxilələrdir. Müdaxilə yeni ailə qurmuş şəxslər üçün ailənin fundamentinin düzgün qurulmamasına səbəb ola bilər, nəticədə kritik dönəmi aşa bilməyib cütlüklər boşana bilərlər.
Amma təcrübəmə görə deyə bilərəm, duyğular, hisslər önəmsənildiyi zaman, hörmət, diqqət olan yerdə maddi cəhəti çox insan ailənin dağılmasının səbəbi kimi qəbul etmir. O sadəcə digər psixoloji məsələlərə əlavədir. Ailəni qurmaq və dağıtmaq asan iş deyil. Ailəni qurmaq üçün bir sapdan tutuna bilirsinizsə, o sapı hörün, möhkəmləndirin. Çünki ailənin dağılması yalnız iki cütlüyün həyatına təsir etmir, yaxın qohumlara və uşaqlara da təsiri ötərsiz deyildir”.
//Gülnarə Abasova, Editor.az