Xəbər verdiyimiz kimi 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.
Təxribatların törədilməsinin qarşısını almaq məqsədilə həyata keçirilən müvafiq nəzarət tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Şuşa yaxınlığında bəzi torpaq yollarını nəzarətə götürüb.

Qabil Hüseynli
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan Ermənistandan daşınan qanunsuz silah-sursatın qarşısını almaq üçün mütləq belə bir əməliyyat keçirməli idi:
“Məsələ ondadır ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq silah-sursat və digər vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir tədbir görülməyib. Xüsusilə Rusiya sülhməramlı qüvvələri prosesin qarşısını almaq yerinə açıq şəkildə buna şərait yaradıb. Bütün bunlar qəbuledilməz idi.
Azərbaycan bu günə qədər səbirli davranırdısa, bu, regionda gərginliyin artmaması, proseslərin danışıqlar və sülh yolu ilə tənzimlənməsinə olan inamı ilə bağlıdır. Lakin görünür Ermənistan və onun tör-töküntüləri səbrimizi zəifliyimiz olaraq görüb.
Azərbaycan Silahlı Qüvvələrinin atdığı müvafiq addımlar tamamilə qanunidir. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir. Rəsmi Bakı öz torpaqlarında atacağı addımlara görə heç kəsdən icazə alası deyil.
Ermənistan tərəfinin son təxribatları bir daha onu göstərir ki, ərazimizdə qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”.

Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a deyib ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə silah-sursat daşınması qəbuledilməzdir:
“Əfsus ki, Azərbaycan tərəfindən səslənən bəyanatlara reaksiya verilmədiyi azmış kimi sülhməramlılar bu prosesdə ermənilərə açıq şəkildə şərait yaradır. Azərbaycan bu halla barışa bilməzdi. İstənilən halda sülhməramlı kontingentin funksiyası bitərəf olmalıdır.
Baş verən son hadisələrin məsuliyyətini birbaşa rus kontingenti və Ermənistan daşıyır. Artıq Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında XTQ nəzarəti təmin edib. Ermənilər bundan sonra bir güllə də atsalar, yerindəcə məhv ediləcək”.

Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu gün atılan addımlar Qarabağda artıq müdaxilə dövrünün başladığı deməkdir:
“Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb. Söhbət Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan və ermənilərin tikinti apardığı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolundan gedir.
İkincisi, bu, Azərbaycan ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır. Bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qanunsuz məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi.
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı. Bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq.
Separatçıların səngər qazmaq cəhdinin qarşısı da alınıb. Hesab edirəm bütün bu hadisələr separatçıların vəziyyətini daha da pisləşdirəcək. Separatçıların vəziyyətinin daha da pisləşməsi Qarabağdakı erməni əhalisi arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək amildir”.

