“Son günlər Ermənistan rəhbərliyinin sülhə sadiqlik bəyanatları sülhpərvərlikdən deyil, məcburiyyətdən doğur”- ŞƏRHbackend

“Son günlər Ermənistan rəhbərliyinin sülhə sadiqlik bəyanatları sülhpərvərlikdən deyil, məcburiyyətdən doğur”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi əslində Ermənistanın birinci kapituliyasiya aktından dərhal sonra imzalanmalı idi. Lakin Ermənistan rəhbərliyinin siyasi iradəsizliyi, yeni ağa axtarmaq niyyəti, eləcə də regiondan kənar qüvvələrin yalan vədlərinə ümid bağlamaları sülh müqaviləsinin imzalanmasını gecikdirdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

O bildirib ki, Azərbaycan Ordusunun bir günlük antiterror əməliyyatı nəticəsində separatçı rejimin süqut etməsi, ölkə prezidentinin güclü diplomatik həmlələri Ermənistanı yeni reallıqları birmənalı şəkildə qəbul etməyə sövq edir:

“Artıq Ermənistanda anlayırlar ki, başqa-başqa ölkə və qüvvələrin əlində alət olmaqla heç nəyə nail ola bilməyəcəklər, anlayırlar və anlamalıdırlar ki, Azərbaycanın təqdim etdiyi baza prinsipləri əsasında sülh müqaviləsi imzalamağın başqa alternativi yoxdur”.

Politoloqun sözlərinə görə, son günlər Ermənistan rəhbərliyinin sülhə sadiqlik bəyanatları sülhpərvərlikdən deyil, məcburiyyətdən doğur:

“Kommunikasiya xətlərinin açılması və Zəngəzur koridoru məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanın “Araz koridoru” həmləsi ilə iflas etdi. Ermənistan fərqinə vardı ki, kommunikasiya xətlərinin onların ölkəsindən yan keçməsi ölkələri üçün fəlakətli nəticələr yarada bilər. Bütün bu reallıqları yanaşı qoyduqda aydın olur ki, hərbi-siyasi və iqtisadi platformada Azərbaycana uduzmuş Ermənistanın sülh müqaviləsini imzalamaqdan, həm də tezliklə imzalamasından başqa yolu yoxdur”.

//Gülnarə Abasova, Editor.az