“Son silah sövdələşməsi ilk növbədə bununla bağlıdır”- Politoloq ŞƏRH EDİRbackend

“Son silah sövdələşməsi ilk növbədə bununla bağlıdır”- Politoloq ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa Ermənistana  daha ciddi dəstək vermək istiqamətində öz vədlərini yerinə yetirməyə başladı. Məlum idi ki, bu Avropa ölkəsi İrəvanı uzun müddət siyasi sahədə dəstəkləməyə çalışırdı. Amma Azərbaycana qarşı apardığı kampaniyaların heç biri nəticə vermədi və Ermənistanın hazırki durumunu daha da pisləşdirdi. Belə ki, Qarabağda yaşayan erməni kütləsinin oradan çıxmasında birbaşa bu ölkənin də günahı var və indi Ermənistan bu kütlənin əlində aciz qalıb. Belə olan halda heç olmasa hansı formada olursa-olsun, Ermənistanın könlünü almaq və onu pessimizmə qapılmasına imkan verməmək lazım idi. Düşünürəm ki, son silah sövdələşməsi ilk növbədə, bununla bağlıdır. Bu həm də hazırki Ermənistan iqtidarı və xüsusilə Paşinyanın mövqelərini möhkəmlətməyə xidmət edəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, Fransanın Ermənistana silah satışının Azərbaycana qarşı yönəldiyini reallıqdır:

” Amma həm Ermənistan, həm də Fransa Azərbaycanın Ermənistan torpaqlarını işğal etmək kimi bir fikrinin olmadığını bilir. Digər tərəfdən Azərbaycan Ermənistanı işğal etməyə qalxdığı halda beynəlxalq təşkilatlar və qlobal dövlətlər tərəfindən onu çəkindirmək heç də çətin deyil. Azərbaycab beynəlxalq hüququ heç zaman pozmayıb və bundan sonra da pozmaq fikrində deyil. Qərbi Azərbaycan torpaqlarına və Zəngəzur dəhlizinə gəlincə İlham Əliyevin dediyi kimi, biz oraya minik maşınlarında gedəcəyik tanklar üzərində yox!”.

Ə. İbrahimov onu da qeyd edib ki, bölgədə Ermənistana müdaxiləsi gündəlikdə olan başqa bir hegemon dövlət var ki, o hücum etdiyi təqdirdə onun qarşısını almaq mümkün deyil:

” Düşünürəm ki, Ermənistan silahları ilk növbədə ona qarşı çevriləcək. Bu heç şübhəsiz Rusiyadır. Rusiyanı bu gün heç bir dövlətə müdaxilədən saxlamaq mümkün deyil. Təbii ki, o istədiyi halda. Amma Fransa silahlarının bu istiqamətdə yardım edə biləcəyini də hipoteza hesab edirəm. Ermənistana bu silahları hərbi qüvvələrinə daxil edənə qədər uzun illər lazım olacaq. Onun talehi isə bu yaxın günlərdə həll olunmalıdır. Bir il belə Ermənistan və ümumiyyətlə, region üçün çox uzaq məsafədir. Elə məhz buna görə də Rusiya hələlik sadəcə prosesləri seyr edir. Bunu tufanqabağı sakitlik də adlandırmaq olar.

Bu silahların sülh müqaviləsinə təsir edib-etməyəcəyinə gəlincə isə onun vasitəsi ilə bu prosesi pozmaq mümkün ola bilər. Amma silahların Azərbaycanın mövqeyinə təsir edəcəyi və güzəştə nail olacağını düşünmürəm. Əgər Ermənistan bu gün bu silahları əldə etməyə çalışırsa, Azərbaycan onları çoxdan inventarına daxil edib. Və bu istiqamətdə fəaliyyətini davam etdirir”.

//Gülnarə Abasova, Editor.az