“Ermənistanın son hərbi təxribatlarının arxasında Fransa və Rusiyanın olduğu qətiyyən şübhə doğurmur. Məhz Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmasına görə ittiham etməsindən dərhal sonra Ermənistan həmin təxribatı törətdi. Eyni zamanda, Rusiya mətbuatı da bu təxribata paralel olaraq, ABŞ-ın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçulara qarşı təzyiq göstərməsi barədə uydurma iddialar ortaya atdı. Həmin iddialara görə, guya Ağ Ev erməni separatçı-terrorçuları Azərbaycanla üçüncü ölkədə danışıqlara razılaşmayacaqları təqdirdə, rəsmi Bakının antiterror əməliyyatına başlayacağı ilə hədələyib”.
Bu fikirləri Editor.az-a siyasi şərhçi Elçin Xalidbəyli Ermənistanın son təxribatları ilə bağlı açıqlamasında deyib.

Siyasi analitik bildirib ki, söylənilənlərin böyük bir yalan olduğu dərhal nəzərə çarpır:
“Çünki erməni separatçı-terrorçular üçüncü ölkədə müzakirələrə onsuz da hazırdırlar. Ancaq rəsmi Bakı Qarabağ mövzusunu Azərbaycanın daxili işi hesab edir. Onu hər hansı üçüncü ölkədə hansısa vasitəçinin iştirakı ilə müzakirə etmək niyyətində deyil. Yəni, Rusiya belə uydurma iddialar ortaya atmaqla, əslində, Azərbaycanı dolayısı ilə şantaj etmiş olur”.
E. Xalidbəyli Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlayacağı ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:
“Bu məsələdə hər şey prinsipial qərarlar üzrə inkişaf edir. Azərbaycan erməni separatçı-terrorçulara qarşı antiterror əməliyyatına çoxdan başlayıb. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycanın başlatdığı antiterror əməliyyatında ilk mərhələnin sona çatması anlamı daşıyırdı. Ermənistanın Laçın postuna qarşı hərbi təxribatı bu nəqliyyat-buraxılış məntəqəsinin tamamilə bağlanmasına səbəb olub. Ermənistan təxribat törətdiyini rəsmən etiraf edənə qədər bu, vəziyyət dəyişməyəcək. Xankəndi və ətraf bölgədə yaşayan ermənilər müalicə və s. ehtiyaclarını ödəmək üçün daha Ermənistana deyil, yaxındakı Azərbaycan şəhərlərinə üz tutmalı olacaqlar. Azərbaycan həm də həmin bölgədə yaşayan əhalinin bütün humanitar ehtiyaclarını da təmin edə bilər. Yəni, bu, Qarabağdakı erməni azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini sürətləndirəcək. Bu baxımdan, hesab etmək olar ki, hazırda Azərbaycan antiterror əməliyyatında ikinci mərhələyə artıq start verib.
Bu mərhələnin nə qədər sürəcəyi erməni separatçı-terrorçulardan asılı olacaq. Əgər, onlar təslim olmasalar, erməni azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini əngəlləməyə çalışsalar, rəsmi Bakı antiterror əməliyyatının növbəti mərhələsinə start verməli olacaq. Yəni, Azərbaycanın artıq çoxdan başlamış və intensiv şəkildə davam edən antiterror əməliyyatı aktiv hərbi fazaya keçiriləcək. Bu proses Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları prosesinə də ciddi təsir göstərməyəcək”.
//Gülnarə Abasova, Editor.az

