“Cari ilin əvvəlində Tehrandakı səfirliyimizə qarşı silahlı basqın olunandan sonra Azərbaycan İran münasibətləri tarixin minimumuna enmişdi. Demək olar ki, qarşılıqlı səfərlər sıfırlanmışdı”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, son vaxtlar İran dövlətinin pozitiv notlarda açıqlamaları ölkələrarası münasibətlərin yenidən yumşalmasına yol açıb:
“Belə ki, İran və Azərbaycan rəsmilərinin iştirakı ilə Araz çayı üzərində kommunikasiyaların tikintisinin birgə təməl qoyma mərasimi keçirildi. Həm də bu gün Cənub-Şimal nəqliyyat dəhlizinin İran ərazisindən keçən hissəsinin tikintisinin yenidən dirçəldilməsi ilə bağlı işlər aktuallaşıb. O cümlədən dövlətlər səviyyəsində də münasibətlərin müsbət istiqamətə yönəldiyini müşahidə edirik. İran əmin oldu ki, Ermənistan etibarsız tərəfdaşdır və ona bel bağlamaq olmaz. Ermənistana görə Azərbaycanı itirmək onlara çox baha başa gələcək”.
A. Badamovun sözlərinə görə, Ermənistanın regiona Qərbi gətirməyə çalışması İranın beynəlxalq siyasətinə ziddir:
” Ermənistanın bir neçə masada oturmaq siyasəti fonunda öz mövqeyini dəyişməyən və sözü imzası qədər möhkəm olan Azərbaycan var.Azərbaycan bütün qonşular ilə sülh və əməkdaşlıq qurmaq və möhkəmləndirmək siyasətinə sadiqdir. Bununla yanaşı əməkdaşlıqda dövlətimizin milli maraqları həmişə üstün tutur. İran XİN-in sözçüsü Naser Kənaninin dediyi kimi tezliklə Tehranda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasını mümkün hesab edirəm. Amma əvvəlcə burda çox vacib bir məsələ öz həllini tapmalıdır. Bu, diplomatlarımızın təhlükəsizliyinə təminatının yüksək səviyyədə təşkil olunmasıdır. Bütün baş verən hadisələrdən sonra İran dövlətinin diplomatik korpusumuza qarşı xüsusi yanaşma sərgiləyəcəyinə və onların təhlükəsizliklərinin ən yüksək səviyyədə təmin ediləcəyinə inanırıq”.
//Gülnarə Abasova, Editor.az

