Son vaxtlar yayılan VİRUS: “Nəcə xəstəlikdirsə, sağalmaq bilmir”- Həkim-infeksionistlə MÜSAHİBƏbackend

Son vaxtlar yayılan VİRUS: “Nəcə xəstəlikdirsə, sağalmaq bilmir”- Həkim-infeksionistlə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az həkim-infeksionist Səxavət Xəlilli ilə müsahibəsini təqdim edir:

-Son vaxtlar yayılan virus insanları çox narahat edir. Maraqlıdır, bu xəstəlik niyə bu qədər uzun çəkir?

– Bəli, sizin də qeyd etdiyiniz kimi son zamanlar insanlar arasında ümumi halsızlıq, yorğunluq, zəiflik, əzələ-oynaq ağrıları, temperatur yüksəkliyi, öskürək simptomları ilə müşahidə olunan respirator virus infeksiyalarının səbəb olduğu xəstəliklərə çox rast gəlinir. Bu infeksiyalar havaların soyuması ilə bağlı immun sistemdə baş verən proseslər, qapalı məkanlarda toplanma, qoruyucu vasitələrdən istifadə olunmaması və digər səbəblərdən dolayı hər il rast gəlinirdi. Pandemiya zamanı önləyici tədbirlərin görülməsi, qoruyucu vasitələrdən istifadə koronavirusdan qorumaqla yanaşı, digər respirator infeksiyalardan da qorumuş olurdu. Nəticə olaraq keçən dövr ərzində orqanizmin bu infeksiyalara qarşı həssaslığı artmış və qoruyucu vasitələrdən istifadə olunmaması ümumilikdə respirator virus infeksiyalarına yoluxma hallarının artmasına səbəb olub.

– Xəstələr daha çox nədən şikayət edirlər?

-Hazırda xəstəlik  törədən virusların İnfluenza, Covid-19, Respirator sinsitial virus, Rhinovirus olduğu düşünülür. Xəstəlik yuxarıda qeyd etdiyim simptomlarla müşahidə olunur. Daha çox həm xəstələri, həm də həkimləri yoran öskürək şikayətidir. Çünki müalicə olunmasına baxmayaraq öskürək bəzən 2 həftədən çox davam edə bilir. Risk qrupunda olan insanlar xəstəliyi daha çətin keçirirlər.

– İnsanlara tövsiyələriniz nələrdir?

-Xəstəlikdən qorunmaq üçün sanitariya baxımından əməl etməli olduğumuz məqamlar var. Belə ki, bol maye, tam dəyərli qidalanma, fiziki aktivlik, normal yuxu rejimine əməl etmək, zərurət olmadıqca insanların kütləvi şəkildə toplandığı yerlərə, qapalı məkanlara getməmək, iş otaqlarında otağın havasını tez-tez dəyişmək, xəstə insanlarla təmasdan çəkinmək, onlara maska taxmağı xatırlatmaq ən vacib şərtlərdəndir. Özümüz də maskadan istifadə etməli, əllərimizi tez-tez sabunla yumalı, əl üçün nəzərdə tutulmuş dezinfektant istifadə etməli, səthlərə toxunduqdan sonra ağıza, buruna, selikli qişalara toxundurmamalı, pandemiya vaxtından daha çox eşitdiyimiz sosial məsafəni saxlamalıyıq.

– Bəs risk qrupuna hansı xəstələr aiddir?

– Xəstəliyi ağır keçirmə ehtimalı olduğundan daha çox risk qrupunda olan insanların olmaqla ümumilikdə hər kəsin mövsümü qripə (İnfluenza) qarşı peyvənd olunması məsləhət görülür. Risk qrupuna 6 aydan 5 yaşına qədər olan uşaqlar, yaşı 65-dən yuxarı olan yaşlılar, bununla yanaşı xroniki xəstəliyi olan insanlar və tibb işçiləri aiddir. Peyvəndləmə payızın ilk aylarında aparılır və hər il təkrarlanması tövsiyyə olunur.  Xəstəliyə yoluxmuş insanların həkim – infeksionistə və ya sahə həkiminə müraciət etmələri tövsiyyə olunur.

//Gülnarə Abasova, Editor.az