“Sorğular Paşinyanın favorit olduğunu göstərsə də…” – İLGİNC DETALLARbackend

“Sorğular Paşinyanın favorit olduğunu göstərsə də…” – İLGİNC DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda növbəti parlament seçkiləri hələ rəsmi elan olunmasa da, ictimai rəy sorğuları artıq siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. “Gallup International”ın açıqladığı son nəticələrə görə, hakim “Mülki Müqavilə” partiyasının digərlərini xeyli qabaqlaması ilk baxışdan baş nazir Nikol Paşinyan komandasının mövqelərinin hələ də güclü olduğunu göstərir.

Sorğunun nəticələri belədir:

“Mülki Müqavilə” partiyası: 24,3%

“Güclü Ermənistan” partiyası: 13,4%

“Çiçəklənən Ermənistan” partiyası: 7,9%

“Ermənistan” bloku (Robert Köçəryan): 5,5%

Sorğuda iştirak edənlərin 51,9%-i seçkilərə qatılacağını qəti şəkildə bildirib, 8,6%-i isə iştirakını ehtimal olunan hesab edir.

Bu rəqəmlər real seçki nəticələrinin aynasıdırmı, yoxsa sadəcə siyasi temperaturu ölçən nisbi göstəricidir?

Təcrübə göstərir ki, rəy sorğuları seçkiöncəsi əhval-ruhiyyəni anlamaq baxımından mühüm alət olsa da, onların nəticələri həmişə yekun səsvermə ilə üst-üstə düşmür. Xüsusilə Ermənistan kimi siyasi qütbləşmənin yüksək olduğu cəmiyyətlərdə respondentlərin qərarsızlığı, son anda mövqe dəyişməsi və ya seçkidə iştirak səviyyəsi nəticələrə ciddi təsir edə bilər. Üstəlik, sorğuda iştirak etməyən və ya mövqeyini gizlədən seçici kütləsi də real mənzərəni dəyişdirən əsas faktorlardandır.

Digər tərəfdən, müxalif düşərgənin parçalanmış vəziyyətdə olması hakim partiyanın üstünlüyünü nisbi olaraq artırır. Məsələn, Robert Köçəryan liderliyindəki blokun aşağı faiz toplaması göstərir ki, alternativ siyasi mərkəz hələ də formalaşa bilməyib. Bu isə Paşinyanın rəqiblərinə qarşı üstünlüyünü qoruyan əsas səbəblərdən biri kimi qiymətləndirilir.

Bütün bunların fonunda “Nikol Paşinyanı artıq qalib saymaq olarmı?” sualı açıq qalır.

ZURİYE.jpg (175 KB)

Politoloq Züriyə Qarayeva hesab edir ki, Ermənistanda açıqlanan son rəy sorğuları ilk baxışda hakim “Mülki Müqavilə” partiyasının liderliyini təsdiqləsə də, bu üstünlüyü sabit və təmin olunmuş siyasi kapital kimi qiymətləndirmək hələ tezdir.

O, Musavat.com-da fikirlərinə belə davam edib:

“24,3 faizlik göstərici Paşinyan komandasının rəqiblərindən irəlidə olduğunu göstərir, lakin eyni zamanda onun cəmiyyət daxilində dominant mövqedə olmadığını da ortaya qoyur. Ən mühüm məqam isə seçici fəallığı ilə bağlıdır. Sorğuda yalnız təxminən yarıdan bir qədər çox seçicinin qəti iştirak edəcəyini bildirməsi göstərir ki, real nəticəni müəyyən edəcək əsas amil məhz səfərbərlik və mobilizasiya olacaq. Bu baxımdan qərarsız və passiv seçici kütləsi seçkinin taleyini dəyişə biləcək potensial faktor kimi qalır. Digər tərəfdən, müxalifətin parçalanmış vəziyyəti hakimiyyətin əsas üstünlük mənbəyidir. Ayrı-ayrı siyasi qüvvələrin fraqmentasiya olunmuş şəkildə çıxış etməsi səslərin bölünməsinə gətirib çıxarır və nəticədə Paşinyanın nisbi üstünlüyü qorunur. Lakin bu üstünlük struktur deyil, daha çox situativ xarakter daşıyır. Əgər seçkiyə qədər müxalif düşərgədə müəyyən konsolidasiya baş verərsə və ya kampaniya dövründə sosial-iqtisadi və ya təhlükəsizliklə bağlı yeni faktorlar gündəmə gələrsə, mövcud balans dəyişə bilər. Bu səbəbdən hazırkı sorğular Paşinyanın favorit olduğunu göstərsə də, onu artıq qalib kimi təqdim etmək siyasi reallıqları sadələşdirmək olardı”.