“Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib-Millət vəkilibackend

“Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq elə bir dövrə çatmışıq ki, bütün münasibətlər virtuallaşıb. Bunun müsbət tərəfləri ilə yanaşı təəssüf ki, mənfi tərəfləri də var”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, texnologiyanın sürətli inkişafı nəticəsində suveren dövlətlərin informasiya məkanı çoxsaylı təhdid və təzyiqlərə məruz qalır:

“Buna görə adekvat “Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib. Bu məsələ dövlət atributlarından, fundamental insan, mülkiyyət hüququndan tutmuş bütün sahələri əhatə etməlidir. Yeni yaranan və sürətlə inkişaf edən rəqəmsal kriptovalyutalar, onların milli iqtisadi və siyasi təhlükəsizliyə təhdidləri isə ayrıca bir istiqamətdir. Sadalanan bu və digər məsələlər bütövlükdə kiber təhlükəsizliklə bağlı olmaqla yanaşı, milli təhlükəsizliyin önəmli sahələrindən birini təşkil edir.Almaniyada sosial şəbəkələrlə bağlı müzakirələr, sosial şəbəkə operatorları qarşısında öhdəlik qoyulması məsələsi hələ 2017-ci ildə başlamışdı və “Sosial şəbəkənin mühafizəsi haqqında qanun” qəbul edilmişdi. Bu, “Facebook”la Almaniya hökuməti arasında 14 ay davam edən uzun müzakirələrdən sonra baş tutdu”.

M. Cəfərov vurğulayıb ki, sosial şəbəkələrdə hüquq və qanunun mövcudluğu, cinayətkarın müəyyənləşdirilməsi, effektiv cinayət təqibi sosial şəbəkə operatorları qarşısında öhdəliklər qoymadan, onların iştirakı olmadan mümkün deyil:

“Bu proses sadəcə qanun qəbul etməkdən ibarət deyil. Qanun qədər vacib olan onun işləkliliyidir. Ümid edirəm ki, tezliklə Azərbaycan qanunvericiliyində də bu qanun tam təkmilləşmiş şəkildə öz əksini tapar. Hesab edirəm ki, sosial şəbəkələrin tənzimlənməsi informasiya yayarkən istifadəçiləri daha da məsuliyyətli yanaşmağa sövq edəcək”.

//Gülnarə Abasova, Editor.az