Sosial şəbəkələr və onun mənfi təsirləri: Ölkəmizdə “TİKTOK” bağlanmalıdırmı?backend

Sosial şəbəkələr və onun mənfi təsirləri: Ölkəmizdə “TİKTOK” bağlanmalıdırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar ölkəmizdə sosial şəbəkələrdə, xüsusilə “Tiktok” da valideynlər öz övladlarına və ya himayəsində olan uşaqlara şiddət göstərirlər və bunu minlərlə izləyicinin qarşısında canlı yayım vasitəsilə yayırlar. Bütün bu baş verənlər həm sadə insanlar, həm də geniş ictimaiyyət tərəfindən hiddətlə qarşılanır, ekspertlər isə bunu uşaq hüquqlarının pozulması, uşaq əməyinin istismarı kimi qiymətləndirirlər. Bir çox insanlar günahı sosial şəbəkə istifadəçilərində deyil, sosial şəbəkənin özündə görür. Hətta ölkədə “Tiktok”un bağlanmasını tələb edənlər belə var…

Sosial şəbəkələr, onun mənfi təsirləri ilə bağlı Editor.az-ın suallarını cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Editor.az-a bildirib ki, insanlar sosial şəbəkələrdən həm müsbət, həm də mənfi məlumatlar əldə edilə bilər:

” Burada uşaqların yetkinlik yaşına çatmayan şəxslərin həmin məlumatlara əl çatanlığına nəzarət çox vacibdir. Sosial şəbəkələri qiymətləndirdikdə fərqli dillərdə müxtəlif maarifləndirici vəsaitlər də tapmaq mümkündür. Bu resurslardan istifadə edilməsi çox vacibdir. Ancaq bununla yanaşı, sosial şəbəkələrin mənfi tərəfləri də var. Bu cari il ərzində sosial şəbəkələrdə, xüsusilə “Tiktok” da narkotik vasitələr, tütün məhsulları, alkoqol içkiləri təbliğ edən minlərlə video üzə çıxdı. Bu kimi faktların aradan qaldırılması üçün Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla birgə lazımi tədbirlər həyata keçirib. Müəyyənləşmiş video, görüntülər aradan qaldırılmış, video sahibləri məsuliyyətə cəlb edilmişdir. Təkcə “TikTok” yox, digər sosial şəbəkələrdə də mənfi və müsbət elementlər var”.

Fiziki və ya psixi zorakılığın təsvirinin və bu kimi qəddarlıq səhnələrinin, əzab vermək və xəsarət yetirmənin, uşaqların uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən məlumatları yayan şəxslərlə bağlı qanunla müəyyənləşmiş cəzalar var:

“Bu qanun çərçivəsində də primitiv mexanizmlər olmalıdır. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Bununla bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Maarifləndirici materialların Azərbaycan dilində yerləşdirilməsi üçün də müvafiq tədbirlər davam etdirilməlidir. Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planında bu məsələ əks etdirilib və davamlı şəkildə işlər aparılacaq. Növbəti addım araşdırma ilə yanaşı primitiv tədbirlərin gücləndirilməsi ilə bağlıdır. Azərbaycan dilli mobil tətbiqlərin sayının çoxaldılmalıdır. Mobil tətbiqlər yalnız android yox, eyni zamanda İOS vasitəsilə də istifadəsi mümkün olan tətbiqlər çoxaldılmalıdır. Uşaq bloggerliyi inkişaf etdirilməlidir. Yalnız yetkinlik yaşına çatan şəxslər yox, uşaqlar da bu sahədə fəaliyyət göstərməlidir”.

Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrə maraq hər gün bir az daha artır:

” Bəzi insanlar günü sosial şəbəkəsiz təsəvvür edə bilmirlər. Əvvəllər daha çox gənc nəsil istifadə edirdisə, artıq yaşlı nəsil də onlardan geri qalmır,sosial şəbəkələrdən aşırı istifadə yaddaş problemləri, unutqanlıq, düşünmə qabiliyyətinin itirilməsi kimi klinik nəticələrə səbəb olur, insanın kompyuter və smartfon arxasında günün çox hissəsini sosial media hesablarında keçirmə istəyi çoxdur. İnsan istəyinə qarşı çıxa bilmirsə, həyatı üçün təhlükəli olan aludəçiliklə üz-üzə qalır. Sağlamlığı risk altına düşür. Standford Universitetində bu mövzu ilə əlaqəli tədqiqatçılar bir anlayış irəli sürüblər. Adı “ördək sindromu”dur. Ördəklər gölün üzündə heç bir güc sərf etmirmiş kimi rahat və sakit bir şəkildə süzürlər, gölün altında qalan ayaqların isə bir motor kimi çalışması kənardan baxarkən bəlli olmaz.Sosial mediada da suyun altunda qalan hissələr ekranda görünmür. Əlbəttə k, bir ananın övladına şiddət edib hələ üstəlik bunu paylaşması onun psixoloji durumunda ciddi problemdən xəbər verir və bu tip onu izləyən analar da onun doğru etdiyinj düşünür bir növ çağırış kimi”.

Psixoloqun sözlərinə görə sosial şəbəkələrdən müddətli və daha faydalı istifadə etmək məsləhətdir, xüsusilə məktəblilər həftə sonları müəyyən müddət ərzində valideynlərin nəzarəti ilə istifadə etməlidir.

Hüquqşünas Fərhad Mehdiyev Editor.az-a açıqlamasında belə halların yolverilməz olduğunu bildirib:

” Uşaq hüquqları haqqında yeni qanun olmalıdır. Ortada məişət zorakılığı faktı varsa, həm polis, həm də icra hakimiyyəti yanında qəyyumluq və ya himayəçilik komissiyaları həmin ailələri nəzarətə götürməli, məsələ yerində araşdırılmalıdır. Valideynlik hüquqlarının məhdudlaşdırılması, valideyn məsuliyyətinin artırılması ilə bağlı tədbirlər görülməlidir. Həmin valideynlərə qarşı məsuliyyət tədbirləri görülməlidir. Valideynlik hüquqlarının məhdudlaşdırılması, valideyn məsuliyyətinin artırılması ilə bağlı tədbirlər görülməlidir. Uşaqlara şiddətin, zorakılığın sosial şəbəkələr üzərindən təbliğatını aparan şəxslər mütləq cəzalandırılmalıdır. Sosial platformalar insanların ən çox vaxt keçirdiyi yerdir, indiki halda xüsusən də “TikTok”…Sosial şəbəkələrdə insanlar bir- birinə mənfi və ya müsbət daha çox təsir edə bilirlər. Bəzən cəmiyyətdə belə hallar zamanı sosial şəbəkələr günahlandırılır və bağlanması tələb olunur. Nəzərə almaq lazımdır ki, sosial şəbəkələr olmasa belə bu hadisələr hər zaman baş verir. Sadəcə belə faktların sosial şəbəkələrdə göstərilməsi normallaşa bilər, bu da başqalarını uşaqlara qarşı şiddətə sövq edəcək. Uşaqlara qarşı zorakılıq tətbiq edib bunun sosial şəbəkələr vasitəsilə insanlara təqdim edən şəxslər qanunla cəzalandırılmalıdır. Əgər bu məsələ qanunla tənzimlənsə, o zaman digər insanlar da belə əməllərini sosial şəbəkələrdə yayıb göstərə bilməzlər. Bu, yolverilməz bir haldır, üstəlik belə hadisələri sosial platformalarda paylaşmaq olmaz, paylaşanlar da cəzalandırılmalıdır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.