Ermənistan cəmiyyəti hələ ki, Co Baydenin işlətdiyi “soyqırım” ifadəsinin eyforiyasını yaşamaqdadır. Lakin bir çoxları artıq ermənilərə “göydən yerə enməyi” və reallıqlara qayıtmağı təklif edirlər.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanda uzun illər Baş nazirinin müavini vəzifəsini tutmuş, eləcə də 2018-ci ilə qədər Prezident Administrasiyasına rəhbərlik etmiş Armen Qevorkyan maraqlı açıqlamalarla çıxış edib və bu açıqlamalara mətbuatda geniş yer verilib.
Ölkənin tanınmış siyasətçilərindən olan Qevorkyan öncə bildirib ki, “soyqırım” ifadəsinin ABŞ prezidenti tərəfindən işlədilməsi Ermənistan hökumətinin yox, ABŞ-dakı erməni diasporunun fəaliyyətinin nəticəsidir.
Daha sonra Nikol Paşinyanın istefasından danışan siyasətçi qeyd edib ki, Baş nazirin istefasını əslində Ermənistan Prezidenti yox, Vladimir Putin qəbul edib: “Əslində, Nikolun istefası dünən(24 apreldə-red.) baş verib və onun istefası Rusiya prezidenti tərəfindən qəbul edilib. Bunu Kremlin dünənki telefon danışığı(Putinlə Paşinyan arasında-red.) ilə bağlı məlumatından anlamaq olar. Yeri gəlmişkən, danışıqlar aprelin 24-də olsa da, orada “genosid” mövzusuyla bağlı bir kəlmə də yer almayıb…”
Nəhayət, ABŞ prezidentinin “soyqırım” ifadəsinə toxunan Qevorkyan erməniləri eyforiyaya qapılmamağa və bu ifadənin nəyinsə qarşılığında işlədildiyinə diqqət yetirməyə çağırıb: “Biz “genosid” terminin istifadəsinə görə minnətdarıq. Ancaq ayıq olmalıyıq. ABŞ kimi böyük güclər heç nəyi havayı etmirlər. Bir neçə gündən sonra eyforiya keçəcək və biz böyük geostrateji çağırışlarla qarşılaşacağıq – məsələn, “soyqırım”ın tanınması əvəzində dəhliz dilemması ilə”.
Qeyd edək ki, burada söhbət Naxçıvana çəkiləcək Zəngəzur dəhlizindən gedir.
Yeri gəlmişkən, Ermənistan mətbuatının əsas gündəm mövzularından biri də Zəngəzurda strateji hərbi mövqelərin Azərbaycan Ordusuna təhvil verilməsinə dair yayılan xəbərlərdir.
Belə ki, “Orbeli” Araşdırma Mərkəzinin eksperti Andranik Ovanisyan bununla bağlı video paylaşaraq, yazıb: “Ermənistanın hazırkı hakimiyyətinin göstərişilə Ermənistanın cənub-şərqindəki(Zəngəzur-red.) strateji mövqelər Azərbaycan Ordusuna təhvil verilir.”
Ekspertin bu məlumatı Ermənistanda böyük ajiotaj yaradıb. Lakin ölkənin Müdafiə Nazirliyi sözügedən məlumatı təkzib edib.

