“Rusiya-Ukrayna müharibəsi fonunda dəfələrlə Kreml rəsmilərinin nüvə silahından istifadə ediləcəyi ilə bağlı mesajlarının şahidi olmuşuq”.
Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nüvə mesajı Qərbi qorxutmaq siyasətinin tərkib hissəsidir:
” Rəsmi Moskva ümumiyyətlə nüvə silahına əl atmaz. Rusiya Federasiyasının prezidenti Vladimir Putin son çıxışlarında qeyd etmişdi ki, ölkəsinin təhlükəsizliyi üçün hər hansı problem yoxdur və nüvə silahından istifadə etməyəcək. Müdafiə Nazirinin Çində Syanşan Təhlükəsizlik Formunda nüvə təhlükəsini açıqlaması, xüsusilə Çindən bunu elan etməsi Qərb-Rusiya savaşında faktiki nüvə silahından istifadəni yenidən gündəmə gətirmiş oldu”.
Politoloq Rusiyanın hər hansı nüvə silahından istifadə edəcəyini düşünmür:
“Rəsmi Moskva bu üsulla daha çox təhdidetmə prinsipini həyata keçirir. Qərb də eyni metodu rəsmi Moskvaya qarşı tətbiq edə bilər. Ümumiyyətlə, bu kimi fikirlərin səsləndirilməsi, Qərbin Ukraynaya nüvə başlıqlı silahlar verməsinin qarşısını almağa da istiqamətlənib. Rusiya hər zaman belə açıqlamalar verəcək, çünki bu onların analoji siyasətlərinin tərkib hissəsidir. Mövcud müharibədə sözügedən silahdan istifadə isə rəsmi Moskvanın çöküşünə, beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarda bilər. Siyasi rəhbərlik də bunun necə ağır və təhlükəli addım olduğunu düzgün dəyərləndirməlidir”.
//Safura Bənnayeva, Editor.az

