Ağ Ev dekabrın 7-dən etibarən ABŞ-ın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (CFE) üzrə öhdəliklərinin icrasını dayandıracağını açıqlayıb.
Editor.az bildirir ki, bu barədə Ağ Ev bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, öhdəliklərin icrasını dayandırmaq qərarı NATO müttəfiqləri və alyansdan kənar digər tərəfdaşlar tərəfindən dəstəklənib.
Birləşmiş Ştatlar hesab edir ki, CFE Müqaviləsində iştirakın dayandırılması NATO-nun “çəkindirmə və müdafiə” imkanlarını gücləndirəcək. ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan, “Şərtlərdəki bu əsaslı dəyişiklik fonunda Birləşmiş Ştatlar bu ilin dekabrın 7-dən etibarən, özü ilə hər hansı digər iştirakçı dövlət arasında bütün CFE öhdəliklərini dayandırır”, – deyib. Onun sözlərinə görə, NATO üzvü olmayan bəzi CFE Müqavilə iştirakçıları Rusiyanın hərəkətlərinə cavab olaraq iştirakın dayandırılmasını dəstəkləyirlər.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, noyabrın 7-də saat 00:00-da ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxması proseduru başa çatıb və Rusiya Federasiyası üçün sənəd “tarixə düşüb”. Cavab olaraq, NATO üzvü ölkələr Rusiya Federasiyasının qərarını açıq şəkildə pisləyib və CFE Müqaviləsini “lazım olduğu müddətcə” dayandırmaq niyyətində olduqlarını bildiriblər.
//Samir Qurbanov, Editor.az

