Soyuq müharibənin YENİ PƏRDƏSİ: Qərb Rusiya ilə harada toqquşur?-Politoloqdan MARAQLI ŞƏRHbackend

Soyuq müharibənin YENİ PƏRDƏSİ: Qərb Rusiya ilə harada toqquşur?-Politoloqdan MARAQLI ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə NATO arasında münasibətlər gərgin olaraq qalır və bu gərginliyin yaxın gələcəkdə də artan xətt üzrə davam edəcəyi gözləniləndir. Çünki bu iki tərəf tarixən əzəli rəqib, bəzi hallarda isə birbaşa düşmən kimi mövqelənib. Heç biri digərinə strateji üstünlük qazandıracaq əlverişli vəziyyət yaratmaq niyyətində deyil. Əksinə, qarşı tərəfin yükünü artırmaq, onun problemlərini dərinləşdirmək və özünü məsuliyyətdən kənarda saxlamaq hər iki düşərgənin əsas hədəflərindəndir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, son dövrlərdə şimal istiqamətində vəziyyətin daha da gərginləşməsi diqqət çəkir:

“İsveç və Finlandiyanın NATO-ya üzv olması Baltikyanı bölgədə balansı dəyişib. NATO rəhbərliyi bu bölgədə Rusiyanın təsir imkanlarını minimuma endirmək və Baltik dənizində öz mövqelərini gücləndirmək niyyətindədir. Bu proseslərin Rusiyada hansı reaksiyaya səbəb olacağı isə əsas suallardan biridir.

Əlavə olaraq, Rusiyanın strateji resurslarının böyük bir hissəsi hazırda Ukrayna müharibəsində istifadə olunur. Bu, Kreml üçün manevr imkanlarını məhdudlaşdırır. Nəticədə Rusiya daha ağıllı və çoxşaxəli siyasət aparmaq məcburiyyətindədir. Digər ciddi bir məsələ isə Şimal Buzlu Okean ətrafında gedən geosiyasi və iqtisadi mübarizədir. ABŞ, Kanada, Norveç, Danimarka və digər skandinaviya ölkələri bu bölgədə aktiv şəkildə iştirak edirlər. Burada söhbət təkcə içməli su ehtiyatlarından yox, həm də nadir metallarla zəngin yataqlardan və əriməkdə olan buzların açdığı yeni ticarət marşrutlarından gedir.

Rusiya anlayır ki, NATO və Qərb dairələrinin bu hücum mövqeyi, əgər qarşısı alınmasa, onun qlobal səviyyədə zəifləməsi və məğlubiyyəti ilə nəticələnə bilər. Buna görə də Kreml bütün cəbhələrdə elə mövqe tutmağa çalışır ki, Qərbin təsir gücünü balanslaşdıra bilsin”.

Onun sözlərinə görə, bu kontekstdə Vladimir Putin Rusiya daxilində sağlam rəqabət mühitinin yaradılmasını və texnoloji suverenliyin təmin olunmasını prioritet sayır:

“Amma reallıqda ölkə daxilində nə rəqabət, nə də effektiv iqtisadi dinamika müşahidə olunur. Əksinə, “5-ci kolon”un fəaliyyət göstərməsi və daxildəki parçalanma riski dövlətin bütövlüyünə təhlükə yaradır.

Əgər Rusiya öz gücünü toparlayaraq qlobal mübarizədə dönüş yaratmaq istəyirsə, ilk növbədə daxildə ciddi islahatlara başlamalı, ictimai-siyasi nizam-intizamı bərpa etməli və milli birlik konsepsiyası ətrafında toparlanmalıdır. Əks halda bu daxili parçalanma gələcəkdə dövlətin özünün dağılmasına gətirib çıxara bilər.

Bütün bu proseslər onu göstərir ki, Rusiya və Ukrayna kritik bir mərhələdədir. İndi hər kəs nəyə qadir olduğunu ortaya qoymalıdır. Qərbin imkanları genişdir və bu gücdən istifadə etməklə onlar Rusiya təhdidini durmadan böyütməkdədirlər”.

//Gülnarə Abasova, Editor.az