Söz və mətbuat azadlığından sui-isifadə halları: “Bu, yolverilməzdir”backend

Söz və mətbuat azadlığından sui-isifadə halları: “Bu, yolverilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Söz və mətbuat azadlığı prinsipi demokratiyanın əsas göstəricilərindən hesab olunur və dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi. Azərbaycanda söz, məlumat azadlığı ilə bağlı ciddi problemlər yoxdur. Bu gün istər ənənəvi, istərsə də müasir mediaya hər kəsin çıxış imkanı var, baş verən bütün hadisələr də işıqlandırılır. Mətbuatın azadlığı üçün ölkəmizdə yetərincə işlər görülür, şərait yaradılır və ona görə də əmindirlər ki, gələcəkdə fikir, söz, məlumat azadlığı indikindən də daha üstün səviyyədə olacaq.

Söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundomental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil.

Bəs, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin əhəmiyyəti nədir? Bu gün Azərbaycan mətbuatında söz, fikir, mətbuat azadlığına hansı səviyyədə əməl olunur?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən “Yenisabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə  qeyd edir ki, söz və mətbuat azadlığı, fikir plüralizmi açıq cəmiyyət quruculuğunun prioritet istiqamətlərindən biridir:

“Söz və mətbuat azadlığı demokratiyanın rəhnidir. Biz açıq cəmiyyət qurmaq, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq. Habelə demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə uduzurlar. Yəni siyasi azadlıqlar həm də iqtisadi azadlıqları təşviq edir, azad, liberal iqtisadi mühitin formalaşmasını sürətləndirir “.

Onun sözlərinə görə, Azərbaycan müasir dünyanın bir parçası olduğu üçün söz və mətbuat azadlığının inkişafı prioritet məsələ sayılır: “Düzdür, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, bizim ölkəmizdə də söz və mətbuat azadlığı sahəsində bəzi problemlər var. Bu problemlərin bəzən subyektiv, bəzən isə obyektiv səbəbləri olur. Bir çox hallarda isə məmurlar, idarəçilik məsuliyyəti olan şəxslər ölkədə söz və mətbuat azadlığının tamamilə təmin olunmasına maraq göstərmirlər. Çünki açıq və şəffaf fəaliyyət onların bir çox kirli planlarını həyata keçirməsinə imkan vermir. Azad, ədalətli və demokratik cəmiyyət qurmaq istəyiriksə, mütləq mətbuat azadlığının təmin olunmasına nail olmalıyıq. Məhz mətbuat azadlığı, ictimai nəzarət dövlətin bütün qurumlarının şəffaf işləməsini təmin edən başlıca amildir. Güclü ictimai nəzarət olmazsa, məmurlar, vətəndaşın qeydinə qalmalı olan, onun rifahı üçün cavabdehlik daşıyan qurumlar öz fəaliyyətlərini düzgün qura bilməzlər. Çünki onlarda arxayınçılıq yaranar, hesabatlılıq məsuliyyəti ölər. Biz yalnız ictimai nəzarəti təmin etməklə həmin məmurların vəzifə məsuliyyətinin artırılmasına nail ola bilərik”.

Seymur Verdizadənin fikrincə, ictimai nəzarətin təmin olunmasının başlıca yolu azad və müstəqil mətbuatdan keçir: “Əgər fikir müxtəlifliyi varsa, hər kəs eyni cür düşünmürsə, cəmiyyətdə fərqli səslər eşidilirsə, bu, demokratiyanın təzahürüdür.

Azərbaycan müstəqilliyinə yeni qovuşan ölkələrdən biridir. Ölkəmizdə bu sahədə bir sıra problemlər var. Problemləri inkar etmək yox, həll etmək lazımdır. İnkarçılıq yolunu tutmaqla özümüzə yalnız yeni problemlər yarada, vəziyyətimizi daha da ağırlaşdıra bilərik. Mən söz və mətbuat azadlığından sui-istifadənin tərəfdarı deyiləm. Söz və mətbuat azadlığının cəmiyyətin inkişafına yönəlməli olduğunu hesab edirəm.

Ölkəmizdə söz və mətbuat azadlığının ideal şəkildə təmin olunması yalnız hakimiyyətdən, yaxud rəsmi qurumlardan asılı deyil. Bu həm də vətəndaş cəmiyyətinin, media təsisatlarının şəffaf fəaliyyətindən asılıdır.

Təəssüf ki, bir çox hallarda söz və mətbuat azadlığından sui-isifadə hallarına şahid oluruq. Bu da ümumilikdə inkişaf prosesinə zərbə vurur, söz və mətbuat azadlığının, fikir müxtəlifliyinin vacibliyi ilə bağlı problemləri arxa plana keçirir. Çünki bəzi adamlar sui-istifadə hallarını qabardaraq bütövlükdə demokratik təsisatları, mətbuatı, ictimai institutları, siyasi partiyaları gözdən salmağa çalışır. Buna yol vermək olmaz.

Hər iki tərəf – yəni həm rəsmi strukturlar, həm də söz və mətbuat azadlığı sahəsində çalışan insanlar, ictimai institutlar və media qarşılıqlı əməkdaşlıq etməyi bacarmalıdır. Biz yalnız qarşılıqlı əməkdaşlıq etməklə Azərbaycanda demokratik təsisatların kök atmasına, irəliləməsinə, ümumilikdə ölkədə demokratik ab-havanın yaranmasına nail ola bilərik “.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da məsələyə münasibət bildirib:

“Bu gün Azərbaycanda mətbuatda söz azadlığının təmin edilməsi üçün dövlətimiz tərəfindən çox ardıcıl və mühüm tədbirlər həyata keçirilir. Dövlətimiz söz və mətbuat azadlığını təmin etmək üçün bütün addımları atır. Söz və mətbuat azadlığının qorunmasında ən əhəmiyyətli məsələlərdən biri hüquqi bazadır. Azərbaycan konstitusiyası, qanunvericiliyi bu gün həmin bazanın qorunması və təmin edilməsi üçün çox ciddi addımlar atır.
İllər öncə senzuranın ləğv edilməsi, bu gün siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi, informasiya azadlığı, mətbuatın sərbəst şəkildə fəaliyyət göstərməsi ondan xəbər verir ki, Azərbaycanda söz azadlığının, demokratiyanın təmin edilməsi üçün bütün lazımi işlər görülür. Lakin demokratiya, söz azadlığı anarxiya anlamına gəlmir. Bəzən təəssüf ki, bu anlayışlar səhv salınır. Belə cəhdlər birmənalı olaraq qəbuledilməz və yolverilməzdir. Demokratiya, söz azadlığından kimlərinsə sui-istifadə etməsi qəbuledilməzdir. Bunu hərkəsin ciddi şəkildə nəzərə alması da böyük zərurətdir. Demokratik ölkəyik və hər kəsin söz azadlığı var “.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!