Sudanın ikinci böyük şəhəri Omdurman yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
“Alrakoba” qəzeti hərbi mənbəyə istinadən xəbər verir ki, ekipaj üzvləri və göyərtədə olan bir neçə zabit həlak olub.
“Al Arabiya”nın məlumatına görə, qəzaya texniki nasazlıq səbəb olub. Telekanal qeyd edir ki, təyyarə Xartumdakı Vadi Seyidna aviabazasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarə Sudan ordusuna məxsus olub. “Bu gün axşam saatlarında Vadi Seyidna hava limanından qalxan zaman təyyarələrimizdən biri qəzaya uğrayıb, hərbçilər və mülki şəxslər arasında bir neçə ölü və yaralı var”, – Sudan ordusunun bəyanatında deyilir.
Qeyd edək ki, 2023-cü ilin aprelindən Sudan ordusu Çevik Reaksiya Qüvvələri ilə döyüşür. Son aylarda nizami qüvvələr Xartum və bir sıra digər əyalətlərdə RSF mövqelərinə qarşı hücumlara başlayıb. Sudan hakimiyyəti bu ilin sonuna kimi üsyançı qüvvələrin yatırılacağına ümid edir.
//Samir Qurbanov, Editor.az