Sudanda döyüşən tərəflər – Sudan ordusu və Çevik Reaksiya Qüvvələri (RRF) hərbi cinayətlər, o cümlədən etnik təmizləmə törədirlər.
Editor.az AFP-ə istinaddən xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Antoni Blinken deyib. Blinkenin sözlərinə görə, RRF Darfur bölgəsində Masalit xalqına qarşı etnik təmizləmə aparır. Qırğınların ilk növbədə ərəb qüvvələri və müttəfiq silahlı birləşmələr tərəfindən həyata keçirildiyi bildirilir. Dövlət katibi qeyd edib ki, masallılar təqib olunur, evləri yandırılır və küçədə ölümlə üz-üzə buraxılır. Bu xalqın nümayəndələrinə qarşı cinsi zorakılıq da baş alıb gedir.
Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə RRF rəhbəri Məhəmməd Həmdan arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət aprel ayında gərginləşib. Toqquşmalar zamanı, BMT-nin məlumatına görə, 10 mindən çox insan həlak olub.
//Samir Qurbanov, Editor.az

