Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa real namizədlər sırasında bir neçə diplomat da var.
Onlardan biri də 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən bitərəf deputatlığa namizəd kimi qeydiyyatdan keçən Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürovdur.
Həmin dairədən hakim YAP-ın namizədi Sumqayıt Dövlət Universitetinin Kimya kafedrasının müdiri Musa Mustafayevdir. Digər 5 namizəddən ikisi bələdiyyə işçisi, biri “Oba market”in mütəxəssisi, biri icra nümayəndəliyinin mütəxəssisi, biri də VHP-nin Abşeron rayon təşkilatının sədr müavinidir.
Bir sözlə, dairədə Z.Şükürovdan daha titullu və ona qarşı hansısa ciddi şansları olan rəqib demək olar ki, yoxdur. Bu, o deməkdir ki, böyük ehtimalla növbəti parlamentdə Sumqayıtı təmsil edən deputatlardan biri diplomat olacaq…
Ancaq yaranan suallardan biri də Azərbaycanı Afrikanın demək olar, ən önəmli və nüfuzlu dövlətlərindən biri olan CAR-da təmsil edən səfirin nədən bu postu Milli Məclisin deputatı kreslosuna dəyişməsidir. Maraqlıdır ki, Z.Şükürov mətbuata açıqlamasında bu sualdan yayınıb.
“Necə oldu ki, diplomatik fəaliyyəti Milli Məclis üzvlüyünə dəyişməyə qərar verdiniz” sualına Z.Şükürov belə cavab verib: “Hesab edirəm ki, hazırda bununla bağlı fikir bildirmək üçün çox tezdir. Seçiləcəyim təqdirdə bu məsələyə qayıtmaq, bununla bağlı fikir bildirmək daha doğru olardı”.
Bunu bəlkə də, diplomatcasına verilən cavab hesab etmək olardı, amma indiki halda bu variant bir növ işləmir. Çünki məntiqlə deputatlığa namizəd olan bir şəxs nədən bunun üçün digər önəmli vəzifədən imtina etdiyinə dair suala (əgər gizlədəcək bir şey yoxdursa) açıq, aydın cavab verməli idi. Ən azından seçicilərin bunu bilmək hüququ var və onları maraqlandıran bu sualın cavabının sonraya saxlanması, yumşaq desək, müəmmalı görünür…
Yeri gəlmişkən, bu sual digər diplomat-namizədlərə də aiddir. Xatırladaq ki, Z.Şükürovla yanaşı, daha üç diplomat –Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov (31 saylı Suraxanı ikinci seçki dairəsi), Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev (49 saylı Abşerom ikinci seçki dairəsi) və baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun sabiq prezidenti Günay Əfəndiyeva (14 saylı Xəzər-Pirallahı seçki dairəsi) da namizədliklərini irəli sürüblər.
//“AzPolitika”