“Ötən gün ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyinin qarşısında aksiya keçiriblər. Aksiya eyni zamanda Türkiyə səfirliyinin qarşısında da baş tutub”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.
Onun sözlərinə görə, ermənilərin xüsusən də Türkiyə səfirliyi önündə hər il aprelin 24-də keçirdikləri etiraz aksiyaları davamlı xarakter alıb:
“ Bu tarix ermənilərin sözdə “soyqırım” günüdür. ABŞ-ın daxili ictimaiyyətinin və beynəlxalq aləmin diqqətini bu məsələyə yönəltməyə çalışırlar. Vaşinqtondakı erməni lobbisinin həm ABŞ, həm də Ağ Evdə müəyyən təsir mexanizmləri var. Onlarda bu mexanizmlərdən istifadə edərək ABŞ rəhbərliyini “soyqırım”ı tanımağa vadar etməyə çalışırlar. Prezident Co Bayden də iki il öncə öz çıxışında proseslərə qeyri-obyektiv yanaşaraq “soyqırım” qiymətləndirməsi etmişdi. Bu da erməni lobbisinin ABŞ-da xüsusən də Demokratlar Partiyası üzərində müəyyən təsir dairəsinin olduğunu göstərir”.
Politoloq mövzu ilə bağlı tarixə nəzər salıb:
“Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyası Osmanlının şərqində yerləşən bəzi erməni qruplaşmasından istifadə edərək Osmanlıya qarşı pozucu fəaliyyətlər həyata keçirirdi. Osmanlı da şərq cəbhəsinin zəifləməsinin qarşısını almaq üçün müharibə şəraitində həmin təxribat törədən ermənilərin müəyyən qismini Suriya, Livan və digər ərazilərə köçürtmüşdü. Bu hadisəni ermənilər xeyli şişirdərək soyqırım adlandırmağa çalışırlar”.
S.Zahidovun sözlərinə görə, Azərbaycan səfirliyinin qarşısındakı çıxışlarda ermənilər sülh istədiklərini səsləndirirlər:
“Lakin bu sülh ritorikasının arxasında müharibə dayanır. Ermənilərin Azərbaycana qarşı İkinci Qarabağ müharibəsindən sonra davamlı şəkildə həyata keçirdiyi təxribatlar, şərti sərhədlərdə pozucu fəaliyyətləri, üçtərəfli bəyanatdakı öhdəliklərinin yerinə yetirilməməsi onu göstərir ki, İrəvan sözdə sülh istəyir, əməldə müharibə ritorikası qalır. Aksiyalarda ANCA (Amerikada Erməni Milli Komitəsini) və Radikal Daşnaksutyun partiyası daha aktiv fəaliyyət göstərir. Bu qurumların hər ikisi daima ölkəmizə qarşı sərt müharibə ritorikası irəli sürmüş, həm Azərbaycan, həm də Türkiyəyə qarşı torpaq iddiaları ilə çıxış ediblər. Bu aksiyalar təhlükəsiz xarakter daşımır”.
Politoloq son olaraq vurğulayıb ki, erməni diasporasının əksər nümayəndələri, xüsusən də “Daşnaksutyun” partiyasının üzvləri “dənizdən-dənizə Ermənistan” layihəsini tələb edirlər:
“ ABŞ rəsmiləri ermənilərin maraqlarına uyğun bəyanatlar verməkdənsə diasporanın bu xislətini araşdırmalı, dünyadakı azad liberal dəyərlərlə üst-üstə düşmədiyini süzgəcdən keçirməli və bundan sonra İrəvan tərəfini qiymətləndirməlidir. Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq”.
//Safura Bənnayeva, Editor.az

