“Ermənistan beynəlxalq tərəfdaşların iştirakı ilə çətinliklərə baxmayaraq Azərbaycanla münasibətlərin normallaşdırılması üçün konstruktiv danışıqlar aparır”. Bunu Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan “Raisina Dialoqu” forumu çərçivəsində “Səmərəli BMT üçün yeni yollar” panel müzakirəsində deyib.
“Bu kontekstdə Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi Laçın dəhlizinin bağlanması məsələsində Azərbaycana qarşı təxirəsalınmaz tədbirlərin tətbiqi barədə qərarın icrası imperativini tədbirdə iştirak edənlərin diqqətinə çatdırıram”,- deyə bildirib.
Məsələni Editor.az-a şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Ermənistan özü-özünü idarə edən bir dövlət deyil:
“Çünki o nə daxili, nə də xarici siyasətini özü tənzimləyir. Mütləq formada hansısa havadarlar, “böyük bacılar” vasitəsilə bu prosesi yerinə yetirir. İndi də məlum məsələdir ki, Rusiyadan uzaqlaşmaq, Qərbin nəzarəti altında müxtəlif siyasətlər aparmaq son vaxtlar İrəvanın əsas istiqamətidir. Buna görə missiya adı altında vizual kəşfiyyatçıların gətirilməsi, xaricdə çıxışları zamanı guya Azərbaycana sülh müqaviləsi üçün şərtlərin verilməsini bildirmələri status-kuvonu saxlamaq üçün vaxt qazanmağa hesablanıb”.
Deputatın sözlərinə görə, ermənilər sülhə maraqlı tərəf kimi görünməyə cəhd etsələr də digər tərəfdən təxribat törətməyə davam edirlər:
” Belə düşünürəm ki, Paşinyan nə qədər sülhdən danışsa da bunu yerinə yetirməmək üçün Qərb və digərləri hər vəchlə çalışır. Çünki nə qədər ki, status-kvo var və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb onlar nüfuz davasını regionda aparırlar. Buna görə də təxribatlara yol verilir. Ermənistan rəsmiləri başqa cür açıqlama verə də bilməz. Konkret faktlara baxdıqda isə onların yayındığını görmüş oluruq. Bu bəyanatlar vaxtilə Azərbaycanın Ermənistana təklif etdiyi 5 bəndlik şərtlərlə əlaqədardır. Ərazilərimizdən qeyri-qanuni qüvvələr çıxmadıqca təxribatlar davam edəcək. Unudulmamalıdır ki, 44 günlük Vətən müharibəmizdəki kimi geniş imkanlara malikik və regionda mövcud olan hər hansı problem bu və ya digər formada bütün dünyaya təsir edəcək “.
//Safura Bənnayeva, Editor.az

