“Naxçıvanın sərhəddən atəşə tutulması həmişə olub. Əvvəllər də, indi də… Ermənistan üçün fərqi yoxdur. Həm Naxçıvan sərhədində, həm də digər ərazilərdə bu təxribatları edirlər. Ermənistanın bu təxribatları etməkdə məqsədi sülh danışıqlarını pozmaqdır. İndi bu hərəkətləri onlar özləri edir, ya kimlərinsə istəklərini yerinə yetirirlər bu, başqa məsələdir. Əsas odur ki, təxribatlar ermənilərin əli ilə edilir, deməli, ilk növbədə onlar bunda maraqlıdırlar”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Sədərək sərhəddində zavodun tikilməsinə başlanandan sonra təxribatların artmasına səbəb Azərbaycanın etirazları fonunda gərginlik yaratmaqla diqqəti bu əraziyə yönəltmək istəyidir:
” Göründüyü kimi bundan sonra ABŞ bayrağı qaldırıldı və mesaj verildi ki,bu ərazi ABŞ-ın maraq zonasıdır, yəni, toxunulmazdır. İran təbii ki, sərhəd gərginliklərində maraqlıdır. Amma bilavasitə iştirakdan danışmaq olmaz.
Ümumiyyətlə, sərhəd təxribatlarının Ermənistana verə biləcəyi divident yoxdur. Ermənistan hər nə edirsə, özünə edir. Hər təxribatdan sonra başlarına gələnləri sadalamağa ehtiyac yoxdur, bunu dünya görür. Ermənistanın sülh istəmədiyi bu təxribatların davamlı olması ilə isbat olunur ki, bunun da bədəli onlar üçün ağır olacaq. Sülh danışıqları sonsuza kimi davam edə bilməz. Azərbaycan Ermənistana fürsət verib. Onlar da bu fürsəti əldən verirlər. Nəticənin əks halda kimin üçün fəlakət olacağını isə deməyə ehtiyac yoxdur. Ermənistan yaxşı fikirləşsin”.
//Gülnarə Abasova, Editor.az

