“Azərbaycanın Qarabağda qeyri-qanuni məskunlaşmış silahlı qüvvələrə qarşı keçirdiyi lokal antiterror əməliyyatı uğurlu oldu. Bu əməliyyatın sülh danışıqları çərçivəsində Azərbaycanın xeyrinə təsir edəcəyi şübhəsizdir”.
Bunu Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli lokal antiterror əməliyyatında rəsmi Bakının uğur əldə etməsinin ardınca Ermənistan və Azərbaycan arasında yaxın perspektivdə sülhün əldə olunması ehtimalını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu səbəbindən Ermənistan sülh danışıqlarını ləngidirdi: “Lokal antiterror əməliyyatı yalnız separatçıların məhvinə deyil, eyni zamanda, Ermənistanın mövqeyinə də ciddi təsir göstərəcək. Azərbaycanın Qarabağda həyata keçirdiyi addımlar, sülh danışıqlarında rəsmi Bakının mövqeyini daha da gücləndirəcək. Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələrinin Yevlaxda baş tutan görüşündə olduğu kimi digər görüşlərdə də üstünlük rəsmi Bakıda olacaq”.
F.Ələkbərlinin fikrincə, cəbhədə qazanılan uğur diplomatiyada daha təmkinli şəkildə davam etdirilməlidir:
“Qarşı tərəf cəbhədə aldığı ağır məğlubiyyəti diplomatiyada zəiflətməyə çalışacaq. Separatçıların arxasında hansı qüvvələrin dayandığını da yaxşı bilirik. Bunun üçün Yevlax görüşündə müzakirə olunan məsələlərin mümkün qədər tez bir zamanda reallaşmasına çalışmalıyıq. Avropadan eləcə də Rusiyadan Azərbaycana qarşı ciddi təsirlərin olması gözləniləndir. Rəsmi Moskva bütün vasitələrdən istifadə edərək bölgədə qalmağa çalışacaq. Rəsmi Bakı da əldə etdiyi uğurları məntiqi yekuna çatdırmalıdır”.
//Safura Bənnayeva, Editor.az

