“Özünü və ölkəsini “sülhpərvər” kimi göstərərək əslində isə sülh prosesi ilə manipulyasiya etmək artıq Ermənistan dövlətinin siyasətinə çevrilib. Ermənistan baş nazirinin dünən hökumət iclasında Azərbaycan tərəfinə sülh sazişi ilə bağlı yeni təkliflər göndərdiklərini bəyan etməsi, ardınca isə Laçın sərhəd keçid məntəqəsinin yaxın günlərdə, guya birtərəfli qaydada açılacağı, Qarabağdan gedən ermənilər üçün açıq, geri dönənlər üçün bağlı qalacağı barədə cəfəng açıqlamalar verməsi bir daha Ermənistanın sülh prosesində nə qədər riyakar, ikiüzlü davrandığını göstərir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloqun sözlərinə görə, son günlər sərhəd bölgəsində Ermənistan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdləri bir daha sübut edir ki, Cənubi Qafqazda təsir zonaları yaratmağa çalışan dövlətlər məhz Ermənistandan bir alət kimi istifadə etməyə davam edirlər: “Ermənilərin sülh danışıqlarını uzatmaq və gələcəkdə hansısa geopolitik hesablaşmaların nəticələrindən yararlanmaq xülyaları erməni siyasətinin növbəti fiaskosu və fəlakəti ilə nəticələnəcək”.
//Gülnarə Abasova, Editor.az

