Ukrayna müharibəsi ətrafında diplomatik fəallığın artması beynəlxalq gündəmdə yeni baxışların formalaşmasına səbəb olub. Regiondakı hərbi-siyasi balansın dəyişkənliyi, tərəflərin resurslarının tükənməsi və ABŞ-da administrasiyanın qeyri-müəyyən siyasəti sülh prosesinin gələcəyinə dair sualları daha da kəskinləşdirir. Mövcud vəziyyət Kreml, Vaşinqton və Kiyev arasında aparılan danışıqların mahiyyətini və mümkün nəticələrini yeni prizmadan dəyərləndirməyi zəruri edir. Mütəxəssislər hesab edirlər ki, diplomatik platformalarda əldə olunacaq ən kiçik irəliləyiş belə müharibənin daha geniş miqyas almasının qarşısını ala biləcək yeganə real vasitələrdən biridir.
Siyasi analitik Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, istənilən danışıqlar prosesi müharibədən daha üstün mexanizmdir və tərəflərin müəyyən razılaşmalara gəlməsi üçün imkan yaradır.

Onun sözlərinə görə, Cenevrədə keçirilən müzakirələr zamanı ABŞ və Ukrayna mövqeləri arasında yaxınlaşma mümkündür, lakin prosesin taleyi birbaşa Rusiyanın göstərəcəyi reaksiyadan asılı olacaq:
“Rusiyanın mövqeyi bəllidir — Kreml hesab edir ki, sülh sazişi yalnız Moskvanın diktə etdiyi şərtlər əsasında mümkündür. Rusiya Ukraynaya və Kollektiv Qərbə özünün müəyyənləşdirdiyi “kapitulyasiya aktını” qəbul etdirməyə çalışır. Sülh hazırda həm Kiyev, həm də Moskva üçün həyati əhəmiyyət daşıyır. Hər iki ölkənin iqtisadi və hərbi resursları tükənmək üzrədir. Belə şəraitdə müharibənin uzanması hər iki tərəf üçün fəlakətli nəticələrə səbəb ola bilər. Əgər ABŞ Rusiyaya qarşı daha prinsipial mövqe sərgiləsə və ciddi təzyiqlər göstərilsə, o zaman Kreml daha məqbul şərtlərlə sülh sazişi imzalamağa məcbur qala bilər. Bu, ilk növbədə, daha sərt iqtisadi sanksiyaların tətbiqi ilə mümkündür”.
Elçin Xalidbəylinin sözlərinə görə, Moskva çıxış yolunun qalmadığını anlayarsa, Ukraynanın maraqlarını nəzərə almaqla sülh razılaşmasına razılıq verə bilər:
“Əks halda Rusiya müqavimətini davam etdirəcək və ABŞ-la Qərbə öz şərtlərini diktə etməyə çalışacaq. Bu fonda Tramp administrasiyasının atacağı addımlar böyük əhəmiyyət kəsb edir. Tramp komandası hələlik ardıcıl siyasət yürütmür və mövqeyini tez-tez dəyişir. Bu, böyük ehtimalla Kremlin Vaşinqtona müəyyən vədlər verməsi ilə bağlı ola bilər. Rusiya ABŞ-a iqtisadi və ya geosiyasi sahədə müəyyən güzəştlər təklif etmiş ehtimal olunur”.
“Qərb ölkələrinin yekdil və qəti mövqeyi Moskvanın imkanlarını məhdudlaşdıra bilər. Əgər Avropa İttifaqı, Ukrayna və xüsusilə Böyük Britaniya kimi nüfuzlu ölkələr prinsipial mövqe nümayiş etdirərsə və Tramp administrasiyasının planını qəbul etməzsə, Rusiyanın daha çətin vəziyyətlə üzləşməsi mümkündür”,-deyə politoloq bildirib.
//Gülnarə Abasova, Editor.az

