Dahi rus yazıçısı Fyodor Dostoyevskinin “Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək” fikri ilə bir çoxunuz tanışsınız. Onun iki əsr bundan əvvəl yazdığı bu cümlə hazırkı vaxtda daha da aktualdır. Xüsusilə, Ermənistan kimi qonşumuzun olması fonunda.
“MediaPost”un verdiyi məlumata görə, Frankofoniya sammitinə sədrlik edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sentyabrın 8-də BMT-nin Təhlükəsizlik Şurasının açıq diskussiyasında məruzə ilə çıxış edib. O, məruzədə Frankofoniya Təşkilatının rolundan danışıb. Xüsusilə, BMT-nin bu təşkilatla tərəfdaşlıq çərçivəsində sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olması, terrorçuluqla, soyqırımı və insanlıq əleyhinə törədilən cinayətlərlə mübarizə üzrə sıx əlaqələr haqqında danışıb.
Ermənistanın Fransa ilə yaxınlığı hamımıza bəllidir. Fransada erməni diasporunun hansı təsir gücünə malik olmasından da agahıq. Fransanın hər zaman nümayiş etdirdiyi ermənipərəstliyi də heç kimə sirr deyil. Ələlxüsus da Dağlıq Qarabağ mövzusunda.
Sülh, əmin-amanlıq, dostluq, qardaşlıq, demokratiya, insan haqlarına hörmət və s. – necə də xoş səslənən sözlərdir, deyilmi? Ermənistan bunlardan dəm vurur. Çox gözəl, buyurun, edin! Necə deyərlər, istəməyənin gözü kor olsun!
Amma atalarımızın başqa sözü də var: İnanan daşa dönsün!
Gör, kim sülhdən, həmrəylikdən, dostluq mühitində yanaşı yaşamaqdan, münaqişələrin həllində gücün tətbiqinə yer olmamasından, atəşin dayandırılmasından söhbət açır? – Hər zaman yalan, satqın və alçaq siyasət yürüdən Ermənistan dövlətinin Xarici İşlər naziri! Söhbət BMT-nin qətnaməsinə istinad edən, ancaq həmin BMT-nin Dağlıq Qarabağa dair dörd qətnaməsinə məhəl qoymayan işğalçı dövlətdən gedir.

Milli mənsubiyyət və dini əqidə zəminində ədavətdən danışan dövlətin təmsilçisi öz dövlətinin hansı cinayətlər törətdiyini, insanlıq əleyhinə vəhşiliklər etdiyini, etnik təmizləmələr aparmasını, mədəni irsi məhv etdiyini, Xocalı soyqırımını törətməsini xatırlamır? Bəs Ermənistanın dünyada bəlkə də yeganə monoetnik dövlət olmasından xəbərdar deyilmi? Ümumiyyətlə, Azərbaycan ərazisinin bir hissəsini otuz ildir işğal altında saxlayan dövlətin təmsilçisi silahlı münaqişələrdən necə danışa bilir?
Tarixi Azərbaycan torpaqlarının əsasında özünə dövlət yaradan, hər zaman havadarlarının diktəsilə hərəkət edən, azərbaycanlılara qarşı düşmənçilik siyasəti yürüdən, vaxtı çatanda isə öz havadarlarının belinə bıçağı birinci sancan ermənilərin Xarici İşlər naziri “təəssüflənir” ki, Ermənistanın səylərinə baxmayaraq, ölkə hələ də silahlı münaqişələrlə, nifrətlə üzləşir.
Nə deyək, yoldaş Mnatsakanyan? Bizdən sizə həmişəki kimi məsləhət: Nə qədər ki yalan və falsifikasiya dövlət siyasətiniz, ideologiyanız olacaq, nə sizin özünüzlə, nə də ki təmsil etdiyiniz dövlətlə heç kim zərrə qədər də kompromisə getməyəcək. Bu, indi də belədir, belə də olacaq!

