“Sülh istədiyimizə görə, savaşa da hazır olmalı olduğumuzu yaxşı bilirik”backend

“Sülh istədiyimizə görə, savaşa da hazır olmalı olduğumuzu yaxşı bilirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Günümüzə qədər gəlib çıxan latınca məşhur atalar məsəllərindən birində deyilir: “Si vis pacem, para bellum”. Tərcüməsi belədir: “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”. 28 il ərzində xalqımızın vasitəçilər üçlüyündən gözləntisi o idi ki, onlar BMT-nin məlum dörd qətnaməsini Ermənistana icra etdirəcək və bununla da tarixi ədalətə söykənən sülhə xidmət göstərəcəklər. Vasitəçilik mandatı  onlardan məhz bunu tələb edirdi. Təəssüf ki, Minsk qrupu xalqımızın yaddaşına işğalçının imitasiya oyunlarını görməzdən gələn, əksər hallarda onlara göz yuman, işğalçı ilə işğala məruz qalanı ədalətsiz şəkildə eyniləşdirən səmərəsiz bir qrup kimi həkk olundu. Guya obyektivlik naminə tərəflər arasında paritet gözlədiyini nümayiş etdirən bu üçlük, əslində, öz mandatından yayındı və cəmiyyətimizin gözündə özü-özünü hörmətdən saldı. Etimad əvəzinə, içtimai inamsızlıq qazandı.
Prezident İlham Əliyev aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Minsk qrupunun gerçək niyyəti barədə bunları dedi: “İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır”.
Dövlətimizin başçısı tanınmış dünya ekspertlərinin və nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə aprelin 29-da ADA Universitetində keçirilən beynəlxalq konfransda üzləşdiyimiz ədalətsiz yanaşmanın səbəblərinə daha geniş məzmunda aydınlıq gətirdi: “Mən hər zaman onlardan soruşurdum ki, qəbul etdiyiniz qətnamələri niyə icra etmirsiniz? Cavab aydın idi. İşğal vəziyyəti onlar üçün məqbul idi. Bu, Ermənistan üçün, bu, həmsədrlər üçün məqbul idi, lakin bizim üçün məqbul deyildi. Biz azlıq idik. Bu real dünyada yaşamalı və başa düşməli idik ki, beynəlxalq təşkilatlardan heç bir dəstək yoxdur. Mən hazırda Ukraynadakı vəziyyət barədə danışmıram. Bu xüsusda, vəziyyət bir qədər fərqlidir. Mən özümüz barədə danışıram. Əlbəttə ki, bizə güclü ordu lazım idi”.
Prezidentin bu açıqlamasının arxasında üç onillik ərzində şahidi olduğumuz və nə yazıq ki, məhz ölkəmizə qarşı tətbiq edilən acımasız ikili standartlar, ayrı-seçkilik təcrübəsi dayanırdı. Ona görə də tarixi ədaləti və beynəlxalq hüququ yalnız özümüz bərpa etməli idik. Milli ləyaqətimizi məngənədə sındırmağa çəhd edənlərin layiqli cavabını məhz savaş meydanında özümüz verməyə məcbur idik. Fərdi maraqlarını beynəlxalq-hüquq normalarından üstün tutanlar görməli idilər ki, Azərbaycan özünün dövlət müstəqilliyini və ərazi bütövlüyünü istənilən müstəvidə, istənilən gücün qarşısında qorumağa qadirdir. Sübut etməli idik ki, milli kimliyimizin və milli ləyaqətimizin qorunması xalqımız üçün Şərəf məsələsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Onlar ləyaqət, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərdilər. Göstərdilər ki, işğalçı Ermənistan və onun çoxüzlü havadarları, nəhayət, ayılsınlar və birdəfəlik bilsinlər ki, uydurma səbəblər altında istənilən ölkənin ərazi bütövlüyünün pozulması və işğala göz yumulması, müqəddəratın təyin edilməsi pərdəsi altında oynanılan iyrənc oyunlar təkcə kiçik dövlətlər üçün deyil, bütövlükdə dünya nizamı üçün təhlükə mənbəyidir. Necə ki, Ukrayna nümunəsində bu təhlükənin miqyasını artıq görür və onun ağır fəsadlarını, gec də olsa, dəf etməyə çalışırlar.
Bu da tarixi həqiqətdir ki,  Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin belini məhz savaş meydanında sındırdı və ermənilərin özləri haqda uydurduqları məğlubedilməzlik mifini yerlə yeksan etdi. Qəhrəman Azərbaycan övladları, düşməndən fərqli olaraq, savaşı da ləyaqətlə və yalnız əlisilahlı erməni hərbçisinə qarşı apardı. Lakin bütün dövrlərdə onun-bunun ətəyindən yapışan Ermənistandakı hakimiyyətlər hələ də öz oturacaqlarını tapa bilməyiblər. Bir tərəfdən bu gerçəklik, digər tərəfdən, onilliklər ərzində beyni miflərlə zəhərlənən toplum, üstəgəl onu sağalmağa qoymayan erməni lobbi təşkilatları və xaricdəki məlum dairələr… Bütün bunlara baxmayaraq, onlar əsla şübhə etməməlidirlər ki, 23 il əvvəl Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə əsası qoyulan və son 19 ildə yetişdirilərək döyüş qabiliyyəti hazırkı səviyyəyə çatdırılan Xüsusi Təyinatlılar, bütövlükdə  Azərbaycan Ordusu indi daha güclüdür, hətta 44 günlük Vətən müharibəsindəkindən də. Qəhrəman  Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə “N” saylı hərbi hissədəki çıxışı zamanı göndərdiyi mesaj Ermənistandakı revanşistlərin və onların başbilənlərinin qulağında sırğa olmalıdır: “Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına!”.
Ermənistanı sülh müqaviləsindən yayındırmağa çalışan kələkbazlar və onları kənardan idarə edən dairələr bilməlidir ki, Azərbaycan Ordusu, onun Xüsusi Təyinatlıları istənilən vəzifəni yerinə yetirməyə hər an hazırdır. Ermənistanda bunu da bilməlidirlər ki, qalib Azərbaycan xalqı və onu ləyaqətlə təmsil edən dövlət başçımız məşhur atalar məsəlindəki hikmətə bu gün də sadiqdir: sülh istədiyimizə görə, savaşa da hazır olmalı olduğumuzu düşməndən yaxşı bilirik və düşmənimizi də yaxşı tanıyırıq.
Ülvi Quliyev
 Milli Məclisin deputatı