ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna qarşısında münaqişəyə son qoymaq, o cümlədən Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsini tanımaq və NATO-ya üzv olmaqdan imtina etmək üçün şərtlər qoyub.
Bu barədə Qərb rəsmiləri aprelin 17-də Parisdə keçirilən danışıqlarda Kiyevə təqdim olunan məxfi sənədə istinadən məlumat veriblər.
Dövlət Departamentinin nümayəndəsi jurnalistlərlə söhbətində aydınlaşdırıb ki, sənəddə ultimatum yox, müzakirə üçün “potensial variantlar siyahısı” var. Kiyevin cavabı həftənin sonunda ABŞ, Ukrayna və Aİ nümayəndələrinin Londonda keçiriləcək görüşündə gözlənilir. Əgər mövqelər razılaşdırılarsa, təşəbbüslər Moskvaya göndərilə bilər. Bu gün, aprelin 21-də WSJ xəbər verib ki, Stiv Vitkoff Londonda çoxtərəfli məsləhətləşmələrdən sonra yenidən Moskvaya səfər edə bilər. Lakin rəsmilərin fikrincə, ABŞ-ın təklifləri Rusiya qoşunlarının oradan çıxarılmasını tələb etməsə də, Ukraynanın şərqindəki dörd bölgəyə Rusiyanın nəzarətinin leqallaşdırılmasını nəzərdə tutmur.
Həmçinin mənbələrin vurğuladığı kimi, Vaşinqton Kiyevə hərbi dəstəyi məhdudlaşdırmaq və ya Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə mane olmaq niyyətində deyil.
Təkliflər arasında ABŞ-ın mümkün nəzarəti altında Zaporojjya AES-in ətrafında neytral zonanın yaradılması da var. Mart ayında Tramp Vladimir Zelenski ilə söhbətində Ukraynanın enerji obyektlərinin amerikalılara verilməsini xatırladıb və bunu “infrastruktur üçün ən yaxşı müdafiə” adlandırıb.
//Samir Qurbanov, Editor.az