Sülh Müqaviləsinə gedən yol: “İrəvanı öhdəliklərinin icrasına məcbur etmək üçün Bakının cavab addımları özünü çox gözlətməyəcək”backend

Sülh Müqaviləsinə gedən yol: “İrəvanı öhdəliklərinin icrasına məcbur etmək üçün Bakının cavab addımları özünü çox gözlətməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan prezidenti İlham Əliyev bir müddət öncə açıq mətnlə bəyan etdi ki, Rusiya Müdafiə Nazirliyinin yüksək çinli zabitinin Ermənistan Silahlı Qüvvələrinin və ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin iyunun 1-dək Azərbaycanın suveren ərazilərindən çıxarılacağına dair verdiyi söz nəinki tutulmadı, ümumiyyətlə Rusiya Federasiyası sülhməramlı kontingenti bu məsələnin həlli ilə bağlı üzərinə düşən öhdəliyi icra etmədi. Nəticədə “Qisas” antiterror əməliyyatına gərək yarandı”. Bu sözləri Editor.az-a açıqlamasında AY Partiya başqan müavini Mirzə Rəşad Bakuvi deyib.

O

O, bildirib ki, 10 Noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli bəyannamənin 4-cü maddəsində Qarabağın silahsızlaşdırılması barədə bənd iki ilə yaxın müddətdir, icra edilməmiş qalır:

“Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, daxili və regional təhlükəsizliyə birbaşa təhdid yaradan bu vəziyyətlə əlaqədar Azərbaycan dövlətinin səbrini sınağa çəkməyin ciddi fəsadlarının olacağını Ermənistan da bilirdi, elə Kreml də… Dövlət başçısı bununla bağlı dəfələrlə xəbərdarlıq etmişdi. İctimaiyyətin son iki ilə yaxındır davamlı çağırışlarını da nəzərə alan siyasi hakimiyyətin ilk dəfədir Azərbaycanın suveren əraziləri daxilində həyata keçirdiyi hərbi əməliyyatları rəsmi olaraq “Antiterror əməliyyatı” kimi sanksiyalaşdırmasını xüsusi qeyd etmək lazımdır. Bunun hərbi-siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan öz ərazisində bir növ antiterror əməliyyatları keçirməyin praktiki presedentini yaratmış oldu və bundan sonra oxşar əməliyyatların davam edəcəyi istisna edilmir. Ermənistanın baş naziri Nikol Paşinyanın iki erməninin ölümü, 19-nun yaralanması ilə müşayiət olunan antiterror əməliyyatından sonra mövqeyindəki və açıqlamalarındakı kəskin dəyişikliklərə, doğrusu, biz artıq təəccüblənməməliyik. Bu, tipik erməni xislətindən, hiyləgərliyindən irəli gələn həyasızlıq, siyasi səbatsızlıqdır. Paşinyanın açıqlamalarından çıxan nəticə budur ki, Ermənistan “Qisas” əməliyyatından sonra bütün öhdəliklərindən imtina etmək qərarı verməklə kifayətlənmir, eyni zamanda qalib ölkə Azərbaycanın üzərinə də öhdəliklər qoyur. Erməni baş nazir “Qarabağda Ermənistan Silahlı Qüvvələri yoxdur” deməklə, rəsmi şəkildə 10 Noyabr Bəyannaməsinin 4-cü bəndinin icrasından imtina etdiyini ortaya qoyur. Bir halda ki, Qarabağda Ermənistan ordusunun hərbçiləri mövcud deyil, o zaman bu günlərdə Paşinyan hökumətinin ən fəal nümayəndələrindən biri olan təhlükəsizlik şurasının katibi Qriqoryanın avqust ayının sonuna qədər erməni çağırışçıların bölgədən çıxarılacağı barədə rəsmi mövqeyi nədən xəbər verirdi?! Bir daha xatırladaq ki, prezidentin verdiyi məlumata görə, rəsmi Moskva hələ Qriqoryanın açıqlamasından bir ay əvvəl erməni qoşunlarının ərazilərimizdən çıxarılacağına dair rəsmi Bakıya vəd veribmiş. Ermənistanı idarə edən hökumətin ən ali vəzifələrini daşıyan iki şəxsin bir həftə içində fikirlərinin üst-üstə düşməməsi onu göstərir ki, Paşinyan hökuməti ciddi təlaş və çaşqınlıq içindədir, baş verən son olaylardan sonra rasional qərarvermə imkanlarını da itiriblər. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirəcəyinə risk etməyəcəyini doğru hesablaya bilməyən Paşinyanın çarəsiz qalıb bütün oyunu pozmaq yolu tutması Ermənistanın bir dövlət kimi öz mahiyyətini itirməsinin əlamətidir. Başqa yandan isə, Paşinyanın ikibaşlı mövqe sərgiləməsi təkcə üç dövlət arasındakı razılaşmları pozmur, eyni vaxtda prosesin digər iştirakçılarını da qarşı-qarşıya qoymağa cəhd edir”.

Müsahibizimin sözlərinə görə, Paşinyanın təmas xətti məsələsini yenidən gündəmə daşımaqla Azərbaycana qarşı “Dağlıq Qarabağ” kartını işə salması da diqqətdən kənarda qala bilməz:

“Çox təəssüf ki, prosesdə vasitəçilik missiyasını üzərinə götürən Rusiya da bu məsələdə ermənilərin əlinə oynayan rəsmi mövqe ortaya qoyurlar.  İlham Əliyevin, xüsusilə 44 günlük əks-hücum əməliyyatı və qazanılan Zəfərdən sonra ləğv elədiyi “Dağlıq Qarabağ” inzibati-ərazi vahidi, həmçinin status söhbətlərinin üstündən birdəfəlik xətt çəkməsinə qarşılıq Rusiya Müdafiə Nazirliyinin “Qisas” Əməliyyatından bir gün əvvəl və sonra yaydığı rəsmi açıqlamalarda “Dağlıq Qarabağ” söz birləşməsinə yer verməsi, bu azmış kimi, daha da irəli gedərək, qanunsuz erməni silahlı birləşmələrini “Dağlıq Qarabağın müdafiə qoşunları” şəklində legitimləşdirmə cəhdlərini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq təhdid hesab etmək olar. Bu, bir tərəfdən də Rusiyanın Azərbaycanın suveren ərazilərində separatizmə dəstəyi kimi də qiymətləndirilə bilər. Erməni baş nazirin  “Azərbaycan və Rusiya Qarabağda “təmas xəttinin” (rus sülhməramlılarının müvəqqəti yerləşdiyi suveren ərazilərimiz) təhlükəsizliyinə zəmanət verərsə, separatçı-terrorçuların “postlar” qurmasına ehtiyac qalmayacaq” şəklində açıqlaması da haqqında danışdığımız separatizmə əsaslar yaradan amillərdir. Paşinyan çox narahatdır və onun bu narahatlığının daha çox Rusiya sülhməramlılarının mandatının rəsmi Bakı tərəfindən ratifikasiya edilməməsi ilə bağlı olduğu gün kimi aydındır. Bu məsələni önə çıxarmaqla Bakı ilə Moskvanı qarşı-qarşıya gətirməyə cəhd edən hiyləgər erməni baş nazir “bir güllə ilə iki quş vurmağa” çalışır. Elə ona görə də, separatçı-terrorçuların özlərindən qondardıqları “təmas xətləri”ndə hərbi postlar qurmalarına ehtiyacın olmasını əbəs yerə qabartmır”.

Rəşad Bakuvi onu da qeyd edib ki, Paşinyanın məhz indiki məqamda sülhməramlıların mandatı məsələsini önə çıxarması da təsadüfi deyil:

” Onun fikrindən belə keçir ki, əgər Rusiya sülhməramlıları tam hüquqlu fəaliyyət əsasında bölgədə sülhyaratma missiyasını həyata keçirən yeganə hərbi birləşmə olaraq öz işlərinin öhdəsindən gələ bilmirsə, o zaman məlum “mandat”ın beynəlxalq miqyasda tanınmasına nail olmaq və tərkibinin genişləndirilməsi prosesinə başlamaq lazımdır. Paşinyanın son açıqlamalarında az qala şərtlə danışması da bir ayrı həyasızlıq əlamətidir. Biz belə hesab edirik ki, rəsmi Bakı doğru olaraq mandatın təsdiqlənməsinə isti yanaşmır, bunu bilən Nikol Paşinyan bu kimi açıqlamalarla sadəcə mandatın rəsmiləşməsini hava-su kimi istəyən Kremldən dəstək umur. Başqa tərəfdən isə, “sülhməramlı kontingentinin mandatının beynəlxalq səviyyədə tanınması və tərkibinin genişləndirilməsi” ehtimalını səsləndirməklə, bir yandan ciddi zəmanət almaq xatirinə Moskvaya xəbərdarlıq etməyə özündə cürət tapır, başqa yandan isə Qərbi prosesə qoşmaq imkanını gündəmə gətirir”.

Başqa müavini vurğulayıb ki, daha bir mübahisəli məsələ çoxlarının dəhliz kimi xarakterizə etdiyi, bizim isə Laçın yolu dediyimiz ənənəvi marşrutun yeni çəkilən yola dəyişdirilməsilə ilə bağlıdır:

” Paşinyanın bu barədə açıqlamalarından belə başa düşdük ki, yeni yolun istifadəyə hazır olması Ermənistanın heç ürəyincə deyil. Görünən odur ki, ermənilər faktiki olaraq Laçın “dəhlizi”nin alternativ yeni marşruta köçürülməsinə könüllü razı olmayacaqlar, onları buna məcbur etməyin tək yolu isə hərbi əməliyyatlardır. Əslində, sözügedən yolun sentyabra qədər istifadəyə verilməsilə bağlı razılaşmanın olduğu barədə məlumatlar olsa da, İrəvanın buna qarşı olduğu son bəyanatlarından da göründü. Barışmaz, destruktiv mövqe tutan Paşinyan hökuməti, Cənubi Qafqaza bütün mənalarda hava-su qədər lazım olan barış, sülh müqaviləsinin bağlanmasından ötrü özünü heç cür məğlub ölkə kimi aparmır, şərtləri diktə edən tərəf yox, onu yerinə yetirən tərəf olduğunu unudur.
Paşinyanın pozucu mövqe nümayiş etdirdiyi daha bir məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. Baş nazir ən son açıqlamasında deyir ki, Ermənistan Naxçıvanla Azərbaycanın qərb rayonları arasında kommunikasiyanı təmin etməyə hazırdır, yalnız tranzit şərtləri çərçivəsində… Bu isə 10 Noyabr Bəyannaməsinin 9-cü bəndinə uyğun olaraq Naxçıvana “maneəsiz keçid” vermək niyyətinin avtomatik pozulması deməkdir. Belə başa düşürük ki, Paşinyan Zəngəzura dəhliz statusu verməməkdə israrlıdır.  Azərbaycan dövlətinin bu məsələdə mövqeyini dövlət başçısı İlham Əliyev ən son açıqlamalarında kifayət qədər aydın ifadə edib. Ermənistan Silahlı Qüvvələri Azərbaycandan çıxarılmalıdır, Qarabağ tamamilə silahsızlaşdırılmalı, bir nəfər də qanunsuz əli silahlı olmamalıdı. Zəngəzur dəhlizi açılmalı və Naxçıvana keçid hər hansı inzibati maneələr olmadan həyata keçirilməlidir. Bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır və maneəsiz hərəkət təmin edilməlidir. Böyük Sülh Müqaviləsinin imzalanması üçün bütün razılaşmalara, şərtlərə əməl olunmalıdır. Əks halda, İrəvanı razılaşmalara əməl etməyə məcbur etmək üçün Bakının cavab addımları özünü çox gözlətməyəcək, “Qisas” antiterror əməliyyatı daha geniş, daha kəskin formada davam etdiriləcək. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müxalif siyasi təşkilat olaraq bizim üçün də qırmızı xətdir və dövlətin bu planda qərarlarını dəstəkləməkdə davam edəcəyik”.

//Gülnarə Abasova, Editor.az