“Sülh müqaviləsinin imzalanmasında Bakının siyasi iradəsindən danışan Ermənistan parlamentinin sədri Alen Simonyan ilk növbədə Ermənistanın tutduğu sülh danışıqlarını manipulyasiya etmək yolundan çəkinməsindən danışsa daha yaxşı olar. Çünki rəsmi Bakı üç il əvvəl 44 günlük Vətən müharibəsində torpaqları işğaldan azad ediləndən dərhal sonra siyasi iradəsini göstərərək Ermənistana sülh əlini uzatdı”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili Azərbaycanın dəfələrlə Ermənistana düşmənçilik səhifəsini bağlamaq və ölkələrarası münasibətlərə yeni səhifədən başlamaq təkliflərinə diqqət çəkib:
“Ermənistan isə yeni havadarların axtarışına çıxdı və sülh danışıqların aparılmasında absurd məsələlər gündəliyə gətirməyə başladı. Hətta bir neçə masada oturaraq Ermənistanı böyük güclərin maraq meydanına çevirdi. Azərbaycan həmişə olduğu kimi sülhü dəstəkləyir və Ermənistana təqdim etdiyi 5 əsas baza prinsipi üzərində sülh müqaviləsinin imzalanmasına hər zaman hazırdır. Hətta sentyabrda Ermənistan ona təqdim etdiyimiz sülh müqaviləsi ilə bağlı təkliflərimizi 70 gün gecikdirdikdən sonra cavablandırmışdır. Sülh istəyən ölkələr belə etmir. Sülh istəyən tərəflər ikitərəfli görüşlərin keçirilməsini intensivləşdirməli və tərəddüdlü məsələlərdə ortaq məxrəcə gəlməsi üzərində çalışmalıdır. Ermənistan isə əksinə danışıqlar prosesinə əlavə oyunçular cəlb edərək üstünlük qazanmağa çalışır. Amma Ermənistan anlamalıdır ki, Azərbaycan qalib tərəfdir və ölkəmizin mövqeyi dəyişilməzdir. Çünki mövqeyimiz ədalət və beynəlxalq hüquq üzərində qurulmuşdur. Bəli, Alen Simonyanın qeyd etdiyi kimi sülh müqaviləsi 15 gün ərzində də imzalana bilər. Amma burada əsas məsələ Ermənistanın beynəlxalq hüququn tələblərinin icrasına nə qədər hazır olmasından aslıdır”.
//Gülnarə Abasova, Editor.az

