“Sülh müqaviləsi ilə bağlı müddəa tövsiyə xarakteri daşıyır”-Ekspertbackend

“Sülh müqaviləsi ilə bağlı müddəa tövsiyə xarakteri daşıyır”-Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 31 oktyabr Soçidə keçirilən 3 tərəfli görüşündə əsas məqam bəyanatda Qarabağa aid nüansın olmamasıdır. Bu Azərbaycanı qane edən əsas məsələdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib. Onun sözlərinə görə, Qarabağdakı ermənilərin hüquqları ilə bağlı müddəa yoxdur və münaqişə tərəfi kimi Ermənistanla Azərbaycan göstərilir: “Soçi bəyanatında sülh müqaviləsi ilə bağlı müddəa isə tövsiyə xarakteri daşıyır. Vacib məsələ kimi qeyd olunmur.

Diqqət çəkən əsas məqam isə ondan ibarətdir ki, razılaşmanın bəzi prinsipləri 10 noyabr 2020-ci il 3 tərəfli bəyanata dayanır. Gələcəkdə bağlanacaq sülh müqaviləsinin kontur xəritəsi cızılır. Burada da əsas məqam kimi xalqların bir-birinə etimadı göstərilir.

Rusiya prezidenti Vladimir Putinin istədikləri bəyanatda öz əksini tapıb. Putini Qarabağın hüquqi statusu kimi məsələlər maraqlandırmır. Onun maraqlandığı əsas məsələlər regionda sabitliyin yaradılması və iqtisadi infrastruktor layihələridir. Digər mövzu isə Rusiya sülhməramlılarının Qarabağ ərazilərində dislokasiya olunmasıdır. Bu müddəti daha da uzatmağa çalışırlar”.

Ramil Məmmədlinin fikrincə, Qarabağ məsələsindən bu gün Rusiya həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi istifadə edir: “Bizim üçün 10 noyabr bəyanatından irəli gələn proses daha uyğundur. Soçi görüşünə qədər səsləndirilən fikirlərin də bəyanatda yer almaması Azərbaycanın diplomatik uğurudur. Bu Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Burada Qarabağ deyil, müharibənin yenidən alovlanması təhlükəsi var. Bu da Qərbin Ermənistana dəstək verməsi, silahlandırması və Rusiyaya qarşı istifadə edilməsindən qaynaqlanır. Ermənistan Qərblə əməkdaşlığı dərinləşdirərək Rusiyaya təzyiq etməyə çalışır”.

//Safura Bənnayeva,Editor.az