Sülh müqaviləsi imzalanır?- “Ermənistanın ikinci kapitulyasiya aktına imza atacağı gün çox uzaqda deyil”backend

Sülh müqaviləsi imzalanır?- “Ermənistanın ikinci kapitulyasiya aktına imza atacağı gün çox uzaqda deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycan qarşısında təslim bayrağını çoxdan, 10 noyabr 2020-ci ildə kapituliyasiya aktını imzalayaraq qaldırıb. Yekun sülh müqaviləsinin imzalanmasının gecikməsi Cənubi Qafqazda münaqişə ocaqlarının bitməsində maraqlı olmayan və bu münaqişə üzərindən bölgəyə təsir rıçaqları əldə etmiş regional, regiondan kənar qüvvəllər qarşısında Ermənistan iqtidarının göstərdiyi zəifliyin nəticəsidir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bölgədə yaranmış yeni siyasi situasiyanın fonunda bir neçə məqama diqqət çəkib:

“ABŞ-da may ayının 1-dən üç ölkənin, Azərbaycan-ABŞ-Ermənistan xarici işlər nazirləri səviyyəsində başlamış və bir neçə gün davam edəcəyi deyilən iki və üçtərəfli görüşlər sülh müqaviləsinin yaxın zaman kəsiyində imzalanacağını inandırıcı edir”.

F. Məhərrəmli qeyd edib ki, dünyada baş verməkdə olan böyük geopolitik dəyişikliklər fərqli regionlarda fərqli nəticələrə səbəb olmaqdadır:

“Son iki əsrdə Cənubi Qafqazda şəriksiz dominant rol oynamış Rusiya, Ukraynada düçar olduğu fəlakətli savaşla birlikdə Qafqazın cənubunda da dominant rolunu itirməyə davam edir. Rusiyanın Ukraynada hələ xeyli savaşacağını nəzərə alsaq, bu itkilərin miqyasının daha da böyüyəcəyini əminliklə söyləyə bilərik. Digər tərəfdən ABŞ Azərbaycanla Ermənistan arasında rəsmi Bakının tələblərinə uyğun və tez bir zamanda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki qarşıda ABŞ və İran arasında böyük və tarixi hesablaşmanın olacağı hər kəsə məlumdur. Birləşmiş Ştatlar Cənubi Qafqazda işi sağlam tutmaq istəyir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə hesabladığı və həyata keçirdiyi siyasət öz töhfəsini verməkdədir. Ermənistanın ikinci kapitulyasiya aktına imza atacağı gün çox da uzaqda deyil”.

//Gülnarə Abasova, Editor.az