“Azərbaycanın 24 saat ərzində həyata keçirtdiyi lokal antiterror əməliyyatları məlum olduğu kimi uğurla başa çatdı. Belə ki, 35 ildən bəri ərazilərimizdə fəaliyyət göstərən separatçı xunta rejimi təslim oldu, ağ bayraq qaldırdı, 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Ermənistan Ordusunun 10 mindən artıq qalıqlarının bölgədən çıxarılması ilə bağlı tələblərimiz qəbul edildi. Hazırda bu proses başlayıb”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq baş verən son hadisələrin regionda yeni reallıqlara imza atdığına diqqət çəkib:
“Ermənistan tərəfindən hər zaman manipulyasiya edilən, sülh prosesini əngəlləmək üçün istifadə edilən tezis kənara atıldı. Belə ki, Ermənistan sülh prosesini əngəlləmək üçün həm ərazilərimizdəki 10 min nəfərlik silahlı birləşmələri saxlamaqla təhlükəsizliyə təhdid yaradırdı, vəziyyəti gərginləşdirirdi, həm bölgədəki Xunta rejiminə maliyyə yardım etməklə ayaqda tuturdu. Ermənistan sülhlə bağlı danışıqlarda Qarabağ ermənilərinin hüquq, təhlükəsizlik məsələlərini önə çəkməklə Bakı və Xankəndi arasında birbaşa dialoqlardan deyil, hansısa beynəlxalq mexanizmlərdən dən vururdu. Məqsəd isə Qarabağ ərazisinə yenidən hansısa beynəlxalq qüvvələrin cəlb olunması idi. Bütün bunlar artıq öz həllini tapdı. Dünən BMT TŞ-da Fransa və Ermənistanın təşəbbüsü ilə keçirilən müzakirələrdə də bir daha yəqin olduq ki, artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələ birmənalı şəkildə həllini tapıb”.
Politoloq bildirib ki, vaxtilə BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səs vermələrdə bitərəf mövqe sərgiləməyən bir çox ölkələr, xüsusilə Minsk Qrupunun o zamankı həmsədri olmuş dövlətlər, artıq dünənki açıqlamalarında birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirlər səsləndirdilər:
“Bunun hansısa formada müzakirə mövzusu olmadığı nəzərə çatdırıldı. Bu, çox önəmli uğurdur. Bu cür açıqlamalar artıq Ermənistanın da manevr imkanlarını kifayət qədər daraldır və sülh prosesinə müsbət təkan verir. Xüsusilə dünən Yevlax da Azərbaycan rəsmiləri ilə Qarabağda yaşayan icma nümayəndələrinin görüşündə də bu istiqamətdə müzakirələr aparıldı. Belə ki, Qarabağda yaşayan erməniəsilli vətəndaşların Azərbaycan cəmiyyətinə və hüquq mühitinə reinteqrasiya prosesi ilə bağlı Azərbaycan dövlətinin hazırladığı proqram onlara təqdim olundu və hazırki ehtiyacları, bir sıra sosial layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Artıq səhər saatlarında Azərbaycanın FHN-nə məxsus iki yük avtomobilində 40 ton ərzaq, iki avtomobildə çörək Qarabağa göndərilib. Son hadisələr bundan sonrakı dövrdə danışıqlar prosesinə müsbət təsir edəcək. Çünki Ermənistanın artıq spekulyasiya etməyə başqa imkanı qalmayıb. Hesab edirəm ki, artıq Ermənistanda da reallıqları qəbul edən, bundan sonra manipulyasiyalara yer olmadığını anlayanların sayı çoxalıb. Bu baxımdan bütün hallarda, qarşı tərəfin maneələrinə baxmayaraq sülh prosesində ciddi irəliləyişlər olacaq. Çünki bunun üçün əsas əngəllərdən biri aradan götürüldü”.
//Gülnarə Abasova, Editor.az

