Ötən gün Nikol Paşinyan hökumətin iclasındakı çıxışı zamanı Zəngəzur dəhlizinin açılmasına hazır olduqlarını, Türkiyə ilə əlaqələrin bərpası üçün daha geniş kontekstdə danışıqlar aparmaq istədiklərini, sərhədlərin demarkasiyasının vacibliyini diqqətə çəkib. Ermənistan baş nazirinin son zamanlar səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olur. Bir neçə gün əvvəl Paşinyan Türkiyədən müsbət siqnalların gəldiyini, sərhəddən ordunu geri çəkməyə, sərhədçiləri yerləşdirməyə hazırlaşdıqlarını da açıqlamışdı. Paşinyanın bu fikirlərinin ardınca sərhəd istiqamətində erməni təxribatları son dövrlər səngiyib.
Mövzu ilə bağlı “Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltanlı Editor.az-ın suallarını cavablayıb.

– Paşinyanın hökumət iclasında söylədiklərinə münasibətiniz necədir?
-Nikol Paşinyan hökumət iclasında səsləndirdiyi fikirlərlə beynəlxalq ictimaiyyəti və regionda maraqlı olan ölkələri aldatmağa çalışır. 10 noyabr bəyanatının müddəalarını icra etməyən Paşinyan hansı əsasla belə sülh yönümlü fikirlər səsləndirir? Əgər o, sülh tərəfdarıdırsa, erməni silahlı birləşmələrinin bu gün Qarabağda nə işi var? Niyə sərhədlərin demakrasiya məsələsi indiyə qədər həll olunmayıb? Halbuki sərhədlər bəllidir. Keçmiş SSRİ xəritələri ilə sərhədlər müəyyənləşdirilə bilər. Paşinyanın bu cür çıxışları aventüra xarakterlidir. Bu fikirlər Ermənistanın özünü beynəlxalq ictimaiyyətə xoşməramlı göstərmək cəhdindən başqa bir şey deyil. “Sülhpərəst” Ermənistan niyə minalanmış ərazilərimizin xəritələrini vermir? Paşinyan əvvəlcə bu suala cavab versin. 10 noyabr bəyanatının imzalanmasından 10ay keçib və Ermənistan tərəfi öz öhdəliklərini tam yerinə yetirmir. Paşinyanın verdiyi quru bəyanatların heç bir nəticəsi yoxdur”.
– Bir neçə gün əvvəl Paşinyanın səsləndirdiyi Ankaranın İrəvana göndərdiyi hansı “müsbət siqnallar”dan söhbət gedir?
– Əvvəlcə bu sualı cavablandıraq. Türkiyə ilə Ermənistan münasibətləri niyə pozulub? Ermənistan Türkiyəyə qarşı həm ərazi iddiası irəli sürüb, həm də saxta “erməni soyqırım”ı ilə Türkiyənin siyasi imicinə qarşı təbliğat apararaq zərbə vurmağa çalışıb. Bundan iki ölkə arasındakı münasibətlər dərhal kəskinləşmiş və sərhədlər bağlanıb.Türkiyə 1998-ci ildən Ermənistanla sərhədləri bağlayıb. Əsas səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Sonradan 2000-ci illərdə sərhədlərin açılması ilə bağlı ilkin razılıq sənədi imzalanan zaman Türkiyə Ermənistanın qarşısına iki şərt qoydu. Onlardan biri Ermənistan Türkiyəyə qarşı iddialarından əl çəkməsi ilə, digəri isə Azərbaycanın işğal altında saxladıqları torpaqlarından çıxmasi ilə bağlı idi. Lakin Ermənistan bu şərtlərə əməl etmədiyinə görə sərhəd qapalı olaraq qaldı. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan qismən də olsa başa düşüb ki, Ermənistanın gələcəyi üçün regional əməkdaşlıq ən düzgün yoldur. Ötən həftə Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan çıxışında da qeyd etdi ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasının yolu Ermənistanın Azərbaycanın teqdim etdiyi sülh protokolunu imzalamasından keçir. Bu Ermənistan üçün kifayət qədər vacib siqnaldır.
-Sülh müqaviləsinin nə zaman imzalanacağı gözlənilir?
-Nə qədər ki, Rusiya “sülhməramlıları” Azərbaycan ərazisindədir, sülh müqaviləsinin imzalanması baş tutmayacaq. Rusiya sülhməramlıları guya Qarabağda təhlükəsizliyi təmin edir. Bunlar cəfəngiyyatdır. Sülhməramlılar əgər “sülhməramlılıq” missiyasına uyğun fəaliyyət göstərirlərsə, onların nəzarət etdiyi ərazidə erməni silahlı birləşmələrinin nə işi var? Sülhməramlılar Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərin Azərbaycana inteqrasiyasına mane olur. Rusiya imkan vermir ki, Azərbaycanla Ermənistan birbaşa danışıqlara getsin və iki dövlət öz məsələsini üçüncü dövlətin müdaxiləsi olmadan həll etsin. Ötən gün Paşinyan hökumət iclasındakı çıxışında da bu məqama toxunub. Azərbaycan tərəfi bütün hallarda danışıqlara hazır olduğunu hər zaman bildirir. Regionda sülhün davamlılığına əngəl olmağa çalışan bəzi dövlətlər isə bu məsələdə maraqlı deyil”.
//Gülnarə Abasova, Editor.az

