“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi aktual olaraq qalır. Azərbaycan bunun üçün bütün səylərini aktiv şəkildə yürüdür. Ermənistanın isə buna nə dərəcədə səmimi yanaşması sual altındadır. Rəsmi İrəvan hər vəchlə bu müqavilədən yayınmağa çalışır. Görünən odur ki, bu istək ciddi deyil və kənar qüvvələrin təsirindən asılıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.
Onun sözlərinə görə, sülh müqaviləsi bağlanacağı halda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən tanınması və Qarabağın Azərbaycan ərazisi kimi qəbul edilməsi xüsusi bir şərait yaratsa da rus sülhməramlılarının statusuna təsir etməyəcək:
“Rus sülhməramlılarının statusu və taleyi 10 noyabr 2020-ci il üçtərəfli müqavilə ilə tənzimlənir və bu müqavilənin vaxtının bitməsinə 6ay qalmış yenidən baxılacaq. Tərəflərin sonrakı qərarlarından asılı olaraq rus sülhməramlılarının Qarabağ ərazisində qalma məsələsi həll ediləcək ki, buna əsasən onların mandatı ya uzadılacaq, ya da dayandırılacaq. Dayandırılacağı halda isə 6aydan sonra yəni, 2025- ci ilin noyabrın 10da rus sülhməramlıları Qarabağ ərazisini tərk etməli olacaq. Bu məsələyə qədər və sonrakı proseslərin gedişatı isə ayrı mövzudur. Burada regionda və beynəlxalq arenada gedən geosiyasi proseslərin gedişatı böyük rol oynayacaq”.
//Gülnarə Abasova, Editor.az

