Sülh olmasa, hərbi variant, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan üçün yeni təhlükə – TƏHLİLbackend

Sülh olmasa, hərbi variant, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan üçün yeni təhlükə – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqaz regionunun Azərbaycan-Ermənistan zonasında hər nə qədər müharibə olacağı ehtimalları səslənsə də, indiki şərait üçün bunun reallıq səviyyəsi aşağıdır.

Ən azından ona görə ki, sülh danışıqları davam edir və həlledici irəliləyişlər ictimaiyyətə açıqlanmasa da, pərdə arxasındakı dialoq iştirakçıları bundan xəbərdardırlar.

Hərçənd ki, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatları da istisna etmir və bunun üçün resurslarının mövcudluğunu göstərir. Bakının sərgilədiyi bu cür hərbi-siyasi davranış Azərbaycanın danışıqlarda mövqelərini bərkidir və Ermənistan növbəti kapitulyant güzəştlərə getməyə məcbur qalır.

Ermənistanın istədiyi – əldə edilən razılıqlarla praktiki icra mərhələsində olan aralıq müddətində öhdəliklərdən yayınmaqdan ötrü manipulyativ “arqumentlər” toplamaqdır.

Ancaq indi münaqişə yox, postmüharibə dövrüdür və Bakının hər keçən gün Ermənistana qarşı əli yeni şəraitə uyğun olaraq güclənir. Buna görə də Ermənistanın Bakının şərtlərini yerinə yetirməkdən başqa çarəsi mövcud deyil, dövriyyədə olan bir çox informasiya və ya verilən bir çox bəyanat sadəcə həmin çarəsizliyi ört-basdır etməkdən ibarətdir.

Vəziyyətdəki qara rəngləri şəffaflaşdırmaq üçün Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə ilə analogiya aparaq.

Müharibədən öncə Ermənistan hər vəchlə danışıqları uzatmaq, status-kvonu qoruyub-saxlamaq və yeni ərazilər üçün yeni müharibəyə hazırlaşırdı. Azərbaycan buna adekvat güc tətbiqi ilə cavab vermək zərurəti ilə üzləşdiyindən müharibə başladı və Bakı İrəvan üzərində həlledici qələbə qazandı.

Ermənistanda indi də xam xəyallar mövcuddur, amma İrəvan rəsmi şəkildə Bakı qarşısında geri çəkilməkdə davam etdiyindən biz rəsmi mövqedəki duruşa diqqət etməliyik.

Ermənistan revanşizmə nəfəs vermək üçün çabalasa da, Azərbaycanın istər Naxçıvan, istər Laçın, istər Kəlbəcər istiqamətindəki hərbi mövqelərini möhkəmlətməsi, yəni sərhəddən Ermənistana baxışı İrəvanın cəhdlərini boşa çıxardır.

Hərbi-siyasi, diplomatik danışıqların mənzərəsini sərhəddəki cari vəziyyət tamamlayır, əgər Ermənistan situasiyanı özünün revanşist meyillərinin xeyrinə dəyişməyə cəhd göstərsə, Azərbaycan hərbi tədbirlər planını tətbiq etmək hüququndan yararlanacaq.

Azərbaycanın danışıqlar masası üzərinə qoyduğu və ehtiyat planlarındakı “silah gücü” Ermənsitanı Bakının mövqeyinə yaxınlaşdırır.

Hər nə qədər Nikol Paşinyan üzünə əzmkarlıq və qətiyyətlilik pərdəsi çəkməyə çalışsa da, bu pərdəni Azərbaycan Ordusunun atdığı bir neçə güllə asanlıqla qaldırır və Paşinyan özünü ifşa edən mövqeləri dilə gətirir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gəlincə, onların beş ili tamam olunca, ərazilərimizdən çıxacaqları real görünmür. Ancaq Azərbaycanın Ermənistan üzərində yaratdığı total təzyiq dalğası nəticəsində sülhməramlılara da ehtiyac qalmayacağı dəqiqdir, ona görə İrəvan Rusiya kontingentinin Qarabağa dislokasiya edilən bölmələrinə ümid bəsləməkdən əlini üzməlidir.

PROQNOZLAR:

– Azərbaycan-Ermənistan gündəliyində hazırda danışıqlar ön plandadır və qarşıda İrəvan yeni güzəştlərə gedəcək.

– Razılıqların icrasında axsamalar olsa, Bakı hibrid müharibəni qısamüddətli hərbi əməliyyatlarla gücləndirəcək.

– Qərb Rusiyanı Cənubi Qafqazdan kənara atmağa çalışsa da, bunun praktiki gerçəklik dozası çox aşağı olacaq.