“Azərbaycanla Ermənistan arasında sülh prosesində həqiqətən də son aylarda müəyyən ləngimələr müşahidə edilir. Ancaq təbii ki, bunun səbəbkarı birbaşa Ermənistandır. Çünki rəsmi İrəvan realda sülhlə bağlı açıqlamalar versə də praktikada bunun tamamilə əksi olan gedişlər edir Bu da nəticədə bölgədə gərginliyin yaranması, real sülh şərtlərinin isə sabotajına səbəb olur”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, olanlara baxmayaraq Azərbaycanla Ermənistan arasında sülh üçün tarixi şərait yetişib:
“Avropanın müəyyən imperialist mərkəzləri, xüsusilə Fransa bu proseslərdə növbəti dəfə dağıdıcı qüvvə qismində iştirak edərək özəlliklə Ermənistanın əli ilə Azərbaycanın əleyhinə fəaliyyətini davam etdirir. Son dövrlərdə Ermənistanda sülhə zidd olan addımların atılması və hakimiyyətin əli ilə bu anti-sülh addımların təşviq edilməsi vəziyyətin hansı rakursda olduğunu növbəti dəfə nümayiş etdirmiş olur.
Həmçinin bu gün beynəlxalq gündəmdə Azərbaycanla Ermənistan arasındakı sülh məsələsinin arxa plana keçmədiyini düşünürəm. Ən azından ABŞ Dövlət Departamentinin keçirdiyi bütün brifinqlərdə Departamentin sözçüsü Metyu Miller Azərbaycanla Ermənistan arasındakı münasibətlər və yarana biləcək sülh ehtimalları ilə bağlı variantları, mövqelərini bildirir. Görünən odur ki, artıq bu məsələ beynəlxalq təşkilatlarda da əsas müzakirə mövzularından biridir. İki ölkə arasında Ermənistanın əli ilə sülh prosesi sabotaj edilsə də beynəlxalq gündəlikdə bu məsələnin arxa plana keçməsi ilə bağlı fikirlərə qoşulmuram”.
//Gülnarə Abasova, Editor.az

