“Sülh prosesinə vasitəçi olmaq istəyən qüvvələrin bu cür addımları nəyə hesablanıb?- Kamilə Əliyeva ilə MÜSAHİBƏbackend

“Sülh prosesinə vasitəçi olmaq istəyən qüvvələrin bu cür addımları nəyə hesablanıb?- Kamilə Əliyeva ilə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Milli Məclisin deputatı Kamilə Əliyeva ilə müsahibəni təqdim edir:

– Kamilə xanım, Aİ Şurasının Ermənistanda missiya yaratmasını necə şərh edərdiniz? Sülh prosesinə vasitəçi olmaq istəyən qüvvələrin bu cür addımları nəyə hesablanıb?

-Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik missiyasını öz üzərinə götürən istənilən platformada danışıqların aparılmasının tərəfdarı olub. Bilirsiz ki, 10 noyabr 2020-ci il bəyanatından sonra münasibətlərin normallaşması üçün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskva və Soçi şəhərlərində dövlət başçılarının üçtərəfli görüşü keçirilib. Sonradan Avropa İttifaqı da vasitəçilik etmək üçün müəyyən təkliflər irəli sürdü, Azərbaycan da bununla razılaşdı. Brüsseldə bir neçə dəfə baş tutan üçtərəfli görüşlərdən sonra Praqada Fransanın da iştirakçılığı ilə dördtərəfli görüş keçirildi. Məhz həmin görüşdə Nikol Paşinyan Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı fikir bildirdi. Daha sonra Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı hərkəsə məlum təxribatçı fikirlərindən sonra ölkə başçımız İlham Əliyev Parisin bitərəf mövqe tutmaması səbəbindən növbəti dəfə dekabrda keçirilməsi nəzərdə tutulan görüşdən imtina etdi. Çox təəssüflər olsun ki, bundan sonra Aİ Ermənistana iki aylıq missiya göndərmək barədə qərar qəbul etdi. 19 dekabr 2020-ci ildə missiyanın başa çatmasına baxmayaraq növbəti dəfə uzunmüddətli missiyanın göndərilməsi haqqında Aİ-nın qəbul etdiyi bu qərar yolverilməzdir və Azərbaycan-Ermənistan arasındakı münasibətlərin tənzimlənməsinə mənfi təsir edir. Bu, Fransa dövlətinin Avropa İttifaqına təsirinin nəticəsidir.

– Ötən 2022-ci ildə rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsindən yayınmaq üçün ən çox istifadə elədiyi bəhanə bu oldu ki, “bizim Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur, Qarabağ ermənilərinin problemi isə ərazi yox, hüquq məsələsidir, odur ki, sülh müqaviləsi ilə bərabər status problemi də həllini tapmalıdır”. Hər dəfə “status” məsələsinin ortaya atılmasına münasibətiniz?

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər müharibə, istərsə də ondan sonrakı dövrdə bütün çıxışlarında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, Qarabağa hər hansı statusun verilməsindən söhbət gedə bilməz. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və buna görə onların da hüquqları digər vətəndaşlarımız kimi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun qorunacaq. Azərbaycan bununla bağlı heç bir dövlət, beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmayacaq. Sonda Qarabağ separatçılarının həqiqətə uyğun olmayan fikirlər söyləməsi dünya ictimaiyyətində yanlış təsəvvürlər oyadır və artıq Qarabağdakı qondarma qurumun “rəhbərləri” arasında da fikir ayrılıqlarının mövcud olmasına gətirib çıxarıb.

-Bu il ərzində Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi?

-Hesab edirəm ki, yaxın zamanda Qarabağdakı separatçılar da, Ermənistan rəhbərliyi də Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda sülh sazişinin imzalanması üçün təklif edilən beş baza prinsipini qəbul edib sülh müqaviləsini imzalayacaq.

//Gülnarə Abasova, Editor.az