Sülh sazişi sonrası regionun gələcəyi – Rusiya və İran niyə narahatdır?backend

Sülh sazişi sonrası regionun gələcəyi – Rusiya və İran niyə narahatdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazın siyasi gündəmi son aylarda sürətlə dəyişir. Azərbaycan və Ermənistan arasında ABŞ vasitəçiliyi ilə paraflanan sülh müqaviləsi, regionun gələcək taleyinə dair mühüm suallar və fərqli mövqelər doğurub. Türkiyə rəsmilərinin bu prosesi müsbət qarşılamasına baxmayaraq, cəmiyyətdə müəyyən qruplar ehtiyatlı və bəzən də narazı mövqe sərgiləyir. Bu yanaşmanın kökündə həm geosiyasi risklərə dair narahatlıqlar, həm də ABŞ-ın bölgədəki roluna qarşı skeptisizm dayanır.

Mövzu ilə bağlı politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə dövlət rəsmilərinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışladığı bir vaxtda, müəyyən ictimaiyyət nümayəndələrinin bu məsələdə narahatlıq ifadə etməsi təbii haldır:

“Bəzi siyasi icmalçılar, xüsusilə ABŞ-ın həm prosesin təşkilatçısı və vasitəçisi olması, həm də Zəngəzur dəhlizinə nəzarət məsələsinə ehtiyatla yanaşırlar. Bu narahatlıq daha çox ABŞ əleyhdarı olanlar və qatı türkçülük mövqeyinə sahib qruplar arasında müşahidə olunur.

Onların narazılığını müəyyən mənada anlamaq olar. ABŞ-ın beynəlxalq aləmdəki reputasiyası birmənalı deyil. Digər tərəfdən, Cənubi Qafqazda Zəngəzur dəhlizinə qarşı çıxan və bölgədə möhkəmlənmiş qüvvələr mövcuddur. Azərbaycan və Ermənistanın bu qüvvələrə qarşı durmaq imkanları olsa da, bu addım ciddi risklər doğurur.

Məhz bu səbəbdən, regiona həmin qüvvələrin çəkindiyi bir gücün gəlməsi zəruri idi. Bu rolu ABŞ-dan başqa heç kim oynaya bilməzdi. Onun regiondakı iştirakı müəyyən risklərlə yanaşı, yeni imkanlar da yaradır.

Tək bir həqiqət var: ABŞ-ın bölgədə mövcudluğu Türkiyə–Azərbaycan tandeminin dərin strateji planının nəticəsidir. Bizə lazımdır ki, dəhliz maneəsiz açılsın. Bu yol həm Azərbaycanın Naxçıvanla, həm də Türkiyə ilə birbaşa əlaqəsini təmin edəcək. Üstəlik, Türk dünyasının birləşməsinə mühüm töhfə verəcək. Bu yolun “Tramp yolu” və ya başqa adla adlandırılması bizim üçün əhəmiyyətli deyil. Əsas odur ki, geosiyasi oyunlar ABŞ və başqaları arasında getsin, biz isə strateji məqsədimizə çataq”.

//Gülnarə Abasova, Editor.az