“Ermənistan rəsmilərinin qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olması artıq uzun illərdir davam edir. Torpaqlarımız işğal altında olduğu 30 il müddətində də erməni rəsmilərinin Qarabağda görüşlər keçirməsi, Paşinyanın Cıdır düzəndə həyasızcasına yallı getməsi, kef məclisləri təşkil etməsi həm beynəlxalq, həm də Azərbaycanın daxili qanunvericiliyinin pozulması idi. Bu özbaşınalığın cavabı Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə verildi”.
Bu sözləri Editor.az-a açıqlamasında Ağ partiya başqanı Tural Abbaslı deyib.
O, qeyd edib ki, üçtərəfli bəyanatın şərtlərinə əsasən tarixi torpaqlarımızda erməni əsilli Azərbaycan vətəndaşlarının yaşamasının təmin olunması və erməni silahlı birləşmələrinin həmin ərazilərdən çıxarılması üçün rus sülhməramlı kontingenti Qarabağa dəvət olundu:
“Lakin təəssüf ki, rus sülhməramlıları Qarabağa gəldikləri gündən missiyalarını ermənipərəst mövqe tutaraq yerinə yetirdilər. Hətta humanitar məqsədlə bir müddət açıq qalacaq Laçın dəhlizindən belə terror məqsədi ilə istifadə etdilər. Sirr deyil ki, atəşkəs imzalandıqdan sonra 60 erməni terrorçusu təxribat törətməyə cəhd edib və Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib”.
Tural Abbaslının sözlərinə görə Ermənistan hökuməti çıxılmaz vəziyyətdədir:
“Ermənistanda siyasi və iqtisadi vəziyyət çox gərgindir. Siyasi liderlər Rusiya ilə Qərbin arasında qalıb. Belə bir vəziyyətdə Paşinyan köməkçisini Qarabağa göndərməklə eyni zamanda, sərhəddə təxribatlar törətməklə göstərməyə çalışır ki, hakimiyyət hələ də sıradan çıxmayıb və guya hələ də “Böyük Ermənistan” iddiaları gündəmdədir. Bu cür addımların hamısı siyasi şou xarakterli davranışlardır. Ermənistan belə hərəkətlərlə xalqına göstərir ki, “hələ hakimiyyət yıxılmayıb, ayaqdadır”. Lakin bu gün Ermənistan hökumətinin apardığı ucuz siyasət ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır”.
Başqan qeyd edib ki, Ermənistanın bu cür özbaşına siyasətinin arxasında Rusiya faktoru da var:
“Rusiya regionda sabitliyin təmin edilməsində maraqlı deyil və Ermənistanın tam olaraq Azərbaycana məğlub olmasını qəbul etmək istəmir. Əgər regionda sülh tam şəkildə bərpa olunarsa, Rusiyanın Azərbaycan- Ermənistan üzərində “ağsaqqallıq” missiyası sona çatar. Buna görə Rusiya Azərbaycan- Ermənistan münasibətlərini daim gərgin vəziyyətdə saxlamağın tərəfdarıdır və Ermənistanın bu cür qanunsuz əməllərinə göz yumur”.
“Azərbaycan tərəfi bütün bu məsələlərlə bağlı Rusiyaya rəsmi şəkildə etiraz etməlidir. Biz qalib ölkə olaraq Ermənistan və himayədarlarına qəti şəkildə öz yerini göstərməliyik”.
//Gülnarə Abbasova, Editor.az

