Yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk iclasının keçiriləcəyi gözlənilir.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş hər iki ölkənin sərhədində baş tutacaq.
“Komissiya delimitasiya və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcək. Tərəflər regional kommunikasiyaların blokdan çıxarılması üzrə işi davam etdirmək barədə razılığa gəliblər. Söhbət zamanı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən kommunikasiyalar, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturları vasitəsilə beynəlxalq daşımaların təşkili məsələləri razılaşdırılıb”, – Şarl Mişel bildirib.
Mayın 22-də 5 saat davam edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşünü Editor.az-a şərh edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanın regional və qlobal arenada artan nüfuzu artıq açıq-aydın görünür:
“Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü bunun bariz nümunəsidir. Həm 44 günlük Vətən müharibəsi, həm də postmüharibə dövründə Azərbaycanın diplomatik arenadakı uğurları sayca üçüncü olan bu görüşdə də öz sözünü demiş oldu. 2020-ci il 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ölkəmiz eyni zamanda, postmüharibə dövründə istər azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinin görünməsi, istərsə də regionda əbədi sülhün əldə edilməsi istiqamətində davamı addımlar atır. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün atılan beynəlxalq addımlara da Azərbaycan hər cür dəstəyi verir”.
Deputat qeyd edib ki, Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlər də bu istiqamətdə beynəlxalq birlik tərəfindən atılan addımlardan biridir:
“Görüş Azərbaycan prizmasından uğurlu sayılır. Çünki əvvəla “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. İkincisi status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib. Görüşdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub ki, bu da Azərbaycanın hər zaman önə çıxardığı məqamlardandır. Eyni zamanda, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Bilindiyi kimi bu da Azərbaycanın tələb etdiyi məsələlərdən biri idi”.
Millət vəkilinin sözlərinə görə, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinməsi də Azərbaycanın aktivinə yazılmalıdır:
“Həm bu, həm də sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinməsi iki ölkə arasında daimi sülhün əldə edilməsinə aparan yolda növbəti önəmli addımdır. Görünən odur ki, beynəlxalq birlik də tez bir zamanda sülhün əldə edilməsinə tərəfdardır və Şarl Mişelin timsalında Avropa İttifaqı Şurası bu məsələdə xüsusilə qətiyyətli mövqe sərgiləyir. Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, qarşıdakı günlərdə artıq bütün bu görüşlərdə qoyulan hədəflərə çatmaq üçün Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət sülh təklifi və digər məsələlərin həll olunması üçün əməli addımların atılmasının şahidi olacağıq”.
//Gülnarə Abasova, Editor.az

