“Ermənistan 44 günlük savaşda tarixində heç yaşamadığı ağır bir zərbə aldı.Bu həm Ermənistanda, həm də regionda hərbi-siyasi balansı köklü surətdə dəyişdi. Ermənistanda bu gün xaos hökm sürür və Ermənistan istənilən təhrikə açıq ölkə durumundadır. Sərhəddə baş vermiş son toqquşmalar da, Ermənistanın maraqlarına deyil, region və regiondan kənar güclərin maraqlarına xidmət edir.Çünki Qafqazda sülh və sabitlik, bu regionu uzun zamandır istismar edən ölkələrin maraqlarına tərs düşür”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Siyasi analitikin sözlərinə görə, sülh müqaviləsi imzalanmasa, bu toqquşmalar davam edəcək:
“Rəsmi Bakı sahib olduğu imkanlardan yararlanaraq Ermənistanı sülhə məcbur etməlidir. Sərhəddə baş verən son toqquşmada nə qədər erməni hərbçisinin öldüyü və əsir düşdüyü haqqında erməni rəsmiləri və KİV-ləri biri birindən fərqli xəbərlər verirlər. Bütün hallarda Azərbaycan hərbi əsirlərlə beynəlxalq konvensiyalara uyğun davranacaq. Böyük ehtimalla əsirlər məhkəmə önünə çıxarılacaq və qanunla cəzalandırılacaqlar. Nə qədər ki, Ermənistan sülh müqaviləsi imzalamır, deməli müharibə ehtimalı yüksək ehtimal olaraq qalır. Bir halda ki,sülh yoxdur,müharibə riski realdır, deməli Azərbaycan da hərbi əsirləri qaytarmamalıdır.Əsirlərin qaytarılmasına yalnız sülh müqaviləsi imzalandıqdan sonra baxmaq olar. İnanıram ki,məhz belə də olacaq”.
//Gülnarə Abasova, Editor.az

