İSTİQAMƏT: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Azərbaycan sülh mövqeyindən çıxış etsə də Ermənistanın davranışlarında bunu görmək olmur. İki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair müxtəlif fikirlər səslənməkdədir. Ancaq sabah Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutacaq görüş öncəsi İrəvan bir neçə gündür sərhəddə təxribatları davam etdirir.
Maraqlıdır, Brüssel görüşü öncəsi Ermənistan nə etmək istəyir?
Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a Ermənistanın adəti üzrə yenə təxribatlara əl atdığını deyib:

“Artıq bu ölkə açıq-aşkar sülhə marağı olmadığını nümayiş etdirir. Beynəlxalq aləmə də əsl simasını göstərməkdə çəkinməyən erməni təxribatı hər zaman layiqli cavabını alır. Təbii ki, bundan sonra da Ermənistan bütün təxribatlarının cavabını alacaq. Lakin hələ də öz həllini tapmayan bu sülh gündəliyini müzakirə etmək üçün nə zaman görüş tarixi açıqlanırsa bu hadisələr təkrar təkrar yaşanır. Təbii ki, bütün bu təxribatlarn məqsədli şəkildə baş verdiyi şübhə doğurmur. Hər halda Ermənistanın snayperlərdən istifadə etməsi, əraziyə snayperlərin cəlb olunmasını təxribatın məqsədli şəkildə törədildiyini deməyə əsas verir. Mən deyərdim ki, bu təxribatın əsas səbəbi Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və gözlədiyi nəticəni əldə edə bilməməsidir. Vaşinqtonda keçirilən görüşlər rəsmi İrəvanın oyunlarının və diplomatik manipulyasiyalarının işə yaramadığını göstərdi. Bu görüş Paşinyan hökumətini ağır vəziyyətə salaraq manevr imkanlarını məhdudlaşdırıb.Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini və çətin vəziyyətə düşəcəyini bilir və bu səbəbdən ənənəvi metod olan təxribata əl atır”.
Politoloq Ramiz Alıyev postmüharibə dövründə də erməni hərbi birləşmələrinin mütəmadi olaraq sərhəddə təxribatlar törətdiyinə diqqət çəkib:

” Hər zaman Ermənistan baş naziri sülh danışıqları ilə bağlı səsləndirdiyi bəyanatlardan sonra sanki onun əksini göstərmək üçün ermənilər təxribatlar törədirlər. Beləliklə bir neçə məqam ortaya çıxır. Ya Ermənistanın baş naziri dünya ictimaiyyətini aldadır, ya da Ermənistan hərbi rejimi Nikol Paşinayana tabe olmur. Hesab edirəm ki, hər iki variant mümkündür. Ona görə ki, Ermənistan baş naziri bu gün verdiyi bəyanatı sabah təkzib edən fikirlər səsləndirə bilir. Görünür erməni hərbiçiləri Paşinyanın göstərişlərinə əməl etmirlər. Sanki onlar üçüncü qüvvə, regionda sülhün sabitliyin bərqərar olmağını istəməyən dairələr tərəfindən idarə olunur”.
Politoloq bildirib ki, son təxribatlarla Ermənistan yenidən sülh danışıqları prosesini sabotaj etməyə çalışır:
” Üçtərəfli görüşlər öncəsi belə bir təxribatların olması təsadüf deyil. Bu, Ermənistan hərbi rejiminin Nikol Paşinyana qarşı təxribatıdır. Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və yetirəcək. Növbəti “Qisas” əməliyyatı başlasa, yenidən Ermənistan hakimiyyəti Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarışlara başlayacaq. Buna görə də Nikol Paşinyan baş verənlərin ciddiyətini dərk etməli və ona uyğun qərar verməlidir. Ya Ermənistan hərbiçilərini idarəetməyi bacarmalıdır, ya da boş boş bəyanatlar verib dünya ictimaiyyətini aldatmamalıdır. Konkret olaraq bildirməlidir ki, onlar sülh və münaqişənin bitməyini istəmir. Bundan sonra rəsmi Bakı da işini bilər və planlarını ona uyğun aparar. Əgər Ermənistan baş naziri sülh müqaviləsinə imza atacaqsa ilk növbədə öz hərbiçilərinə sahib çıxmağı bacarmalıdır. Onun əmrlərinə tabe olmayan Ermənistan Ordusu sülh müqaviləsi imzalansa belə yenidən problem yarada bilər. Hesab edirəm ki, danışıqlar öncəsi bu təxribatlar düşünülmüş formada həyata keçirilir və Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın görüşünə əngəl yaradan qüvvələr bu təxribatları törətməklə məqsədlərinə çatmaq istəyirlər. Ona görə də yaxşı olardı ki, Ermənistan baş naziri ilk növbədə ölkəsində daxili vəziyyəti idarə edə bilsin”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


