Sülhdən qorxan Ermənistan müharibəni yaxınlaşdırıb?backend

Sülhdən qorxan Ermənistan müharibəni yaxınlaşdırıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin tən yarısı arxada qalır. Lakin səslənən bütün nikbin proqnozlara və bəyanatlara rəğmən, Ermənistan Azərbaycanla sülh sənədi imzalamaqdan hələ də yayınır. İki əsas qonşusu ilə düşmənçilik səhifəsini çevirməyə tələsmir. Hərçənd sülhdən, barışıqdan, beynəlxalq hüquq normalarından ən çox danışan, “yaxa cıran”, hətta Bakını qeyri-konstruktivlikdə suçlayan da elə İrəvan rəsmiləridir.

Son olaraq, xarici işlər naziri Ararat Mirzəyan dünən sülh sənədinin bir aya imzalana biləcəyini, İrəvanın bu xüsusda “artıq siyasi iradə göstərdiyini” söyləyib. Gəl ki, eyni gündə onun müavini Paruyr Ovaniysan bəyan edib ki, “Ermənistan konstitusiyanın dəyişdirilməsinin Azərbaycana dəxli yoxdur, bu, ölkənin öz daxili ilşi, daxili gündəmidir”.

Mirzəyanın dediyi “siyasi iradə” indi budurmu? Axı sözügedən konstitusiya dəyişikliyinin sülhün uzunömürlü olmasına birbaşa dəxli var.

Əcəb işdir, sən qonşu dövlətin qanuni ərazisinin bir parçasını konstitusion səviyyədə (!) “ilhaq” edib özünə “birləşdir”, sonra isə iddia elə ki, həmin qonşu bizə irad bildirə bilməz, çünki sən demə, bu – Ermənistanın “daxili məsələsi” imiş! Hələ üstündən utanmazcasına beynəlxalq hüquqa hörmətin zəruriliyindən dəm vururlar. Erməni sırtıqlığı gerçəkdən əndazə tanımırmış…

Parlamentin spikeri Alen Simonyan isə o gün ayrı hava çalmışdı. Demişdi ki, guya “Rusiya Dağlıq Qarabağı ermənilərdən alıb Azərbaycana verib”. Beləcə, Paşinyan komandasında hərənin ağzından bir avaz gəlir. Bilmirsən kimə inanasan. Dəqiq olan budur ki, öz qonşuları ilə dinc-yanaşı yaşamaq istəyən bir ölkənin hökumətinin ritorikası belə olmur. Hələ radikal-revanşist müxalifəti və “nala-mıxa vuran” cəmiyyəti demirik.

Odur ki, ilin əsas sualı önümüzdəki 6 ay üçün də açıq qalır: İrəvanın “ikili” oyunlar daha nə qədər sürəcək, COP-29-a və ya ilin sonunadək tərəflər arasında yazılı anlaşma mümkün olacaqmı? Olacaqsa, adı nə olacaq – sülh müqaviləsi, yoxsa çərçivə sənədi? Olmayacaqsa, müharibə qaçılmazamı çevriləcək?

Hələliksə Azərbaycan-Ermənistan danışıqlarında yenə pauza yaranıb. Bəllidir ki, iki ölkənin xarici işlər nazirləri – Ceyhun Byramov və Ararat Mirzəyan sonuncu dəfə may ayında Almatıda bir araya gəliblər. Hərgah diplomatik yazışmalar davam edir. Az öncə rəsmi Bakı sülh sənədinin redaktə olunmuş 10-cu variantinı İrəvana göndərib. Ümid edək ki, bu, sonuncu olacaq, məktublaşma acı bağırsaq kimi uzanmayacaq və nəhayət, 2024-də müsbət sonluqla bitəcək…

Eyni zamanda amerikalı emissarların regiona səfərləri intensivləşib. O sırada ötən həftəsonu ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycanda olub (İki həftə qabaq Ermənistana baş çəkmişdi). Bir sıra diqqətçəkən açıqlamalar və mesajlar verib. Onların real təsiri yəqin ki, bir qədər sonra bilinəcək.

Əslində isə çox şey kapitulyant tərəfin nə dərəcədə özünü adekvat və konstruktiv aparacağından asılı olacaq. Ona görə ki, barışıq və əməkdaşlıq məsələsində rəsmi Bakıdan asılı heç nə qalmayıb. Top çoxdan Ermənistanın meydanında.

Əgər kollektiv Qərb, özəlliklə onun aparıcı dövləti ABŞ həqiqətən bölgədə yeni müharibədə yox, daimi və ədalətli sülhdə maraqlıdırsa, nəhayət, əlindəki rıçaqlardan istifadə edib “qərbçi” Nikol Paşinyan hökumətinə real təsir göstərməlidir.

Ermənistanın və onun cəmiyyətinin gerçək mənada sülhə hazır olması isə hər şeydən öncə ondan bilinəcək ki, Azərbaycan və Türkiyəyə torpaq iddiaları haqda müvafiq konstitusiyaya müddəalarının dəyişdirilməsi tələbində haqlı olduğumuzu həm İrəvan ucadan və rəsmən bəyan edəcək, həm də cəmiyyət bu tələbimizlə qeyd-şərtsiz razılaşacaq. Yalnız o halda Ermənistan hərbi deyil, sülhü seçdiyinə Azərbaycan daxil, bütün dünyanı inandıra biləcək. Daha kəndlərin qaytarılmasındakı kimi yeni siyasi şoular düzəldilməyəcək.

Bu bir test. Əks təqdirdə, yəni ermənilər əgər ağla gəlməsələr, xaricdəki havadarlara güvənib köhnə axmaq xülyalar və revanşist hisslərlə yaşamağa davam etsələr, onda tezliklə başları üzərində növbəti “dəmir yumruğu” görəcəklər. Rifaha və dincliyə qovuşmaq yolunda sonuncu tarixi fürsəti itirməyin bədəli isə qat-qat ağır olacaq.

Həm sülhdən, həm də müharibədən ehtiyatlanan Ermənistan savaşa tuş gələ bilər. Çünki gecikən sülhün alternativi yalnız budur – müharibə…

Musavat.com