“Cənab Prezident İlham Əliyevin andiçmə nitqi zamanı söylədiyi “Ermənistan-Azərbaycan məsələsi siyasi gündəlikdən düşməlidir” və “Ermənistan qanunvericiliyini normal qaydaya salmasa sülh olmayacaq” kimi iki qətiyyətli və konkret fikri geosiyasi dəyişikliklərin əhatəli təhlilini və yol xəritəsini təqdim edir. Bu fikirləri əhəmiyyətli və həlledici edən məqam ondan ibarətdir ki, məhz Müzəffər Ali Baş Komandanın xəbərdarlıqlarından nəticə Ermənistanın düşdüyü durumdur. Reallığı qoyub kənarda və hətta ehtimallar üzərindən cavablar axtarmaq utopiyadır. Siyasi proseslər isə realist yanaşmanın məhsuludur”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq Brüssel formatına toxunaraq, məhz bu format vasitəsilə müəyyən nəticələr əldə oluna bilinəcəyinə diqqət çəkib:
“Lakin Fransa məlum ritorikasından geri addım atmadığından, davamında Azərbaycana qarşı davamlı təzyiqlər, haqsız münasibət göstərildiyindən dövlət başçımız ortaya prinsipial mövqe qoydu. Hətta bəlkə də obrazlı şəkildə desək, Fransanın bu davranışı fonunda Qərbin impulsiv reaksiyası özünü soyuq rus məntiqinin məğlubiyyətinə təslim etdi. Brüssel formatını digər regionlarda baş verən münaqişə və müharibənin davamı və ya bir hissəsi kimi Cənubi Qafqaza proyeksiya etdirməyə çalışdığı üçün son hadisələr fonunda Avropa İttifaqının mülki missiyası qismində sanki Qərb özünü “yandırdı””.
Politoloq qeyd edib ki, indiki şəraitdə nəqliyyat və kommunikasiya xətləri bərpa olunmalı, 8 kənd geri qaytarılmalı, Naxçıvanla əlaqə təmin olunmalı, Zəngəzur dəhlizi açılmalıdır ki, həm Azərbaycanın bir bölgəsindən digərinə maneəsiz gediş-gəliş təmin olunsun, həm də dəhliz iki xalq arasında etimad quruculuğunu təşviq etsin: “Təmas olmadan hava üzərindən, mediadan, söz deməklə, fikir səsləndirməklə, buna cavab verməklə bir yol qət etmək mümkün deyil. Yəni, davamlı sülh institusional əlaqələr üzərindən çıxıb sadə xalqa doğru sirayət etdikcə təmin ediləcək. Əks halda istənilən formal sənəd sabah heç cür istisna edilməyən, mütləq baş verəcək toqquşmalara, insidentlərə qarant olmayacaq”.
Ş. Həsənovanın sözlərinə görə, iki xalqın bir-birinə qarşı çoxəsrlik münasibətini bir kağızla silmək asan və mümkün deyil:
“Bu baxımdan sakitlik yaranan anda Ermənistanı yenidən qızışdırmağın nəticəsi “sil başdan” prinsipinə xidmət edəcək. Fransa isə kommunikasiyalar məsələsinə nəinki Cənubi Qafqazda, Mərkəzi Asiyada da öz maraqları prizmasından yanaşır. Sülhə xidmət edən məsələ Makronun Paşinyanla görüşdə bildirdiyi “proporsional ölüm” düsturu deyil. Fransanın Almaniya ilə əvəz edilərək oyunçu dəyişikliyinə gedilməsi ondan xəbər verir ki, Azərbaycan sülhdən kənar heç bir amilin olmamasında qətiyyətli olduğu qədər, qarşı tərəf də sülhdə deyil, öz istəyinə çatmaq üçün hər yola əl atmaqda maraqlı tərəfdir.
Hər nə qədər ki, bir tərəf digər tərəfi sülh müqaviləsindən kənar tutmağa çalışmaqla rəqabət aparacaq, Azərbaycan buna razı olmayacaq. Konkret olaraq Ermənistana anlamalıdır ki, Konstitusiyanı dəyişməli, qonşu dövlətlərə ərazi iddialarından əl çəkməlidir”.
Politoloq qeyd edib ki, Nikol Paşinyan Ukrayna müharibəsi ilə bağlı mövqeyini Münxendə açıqlayıb:” Düşünürəm ki, Dmitriy Peskovdan gələn izahetmə mexanizmi Ermənistana aydındır. İstənilən halda itirən, ayaqlar altında qalan ilk növbədə məhz Ermənistan olur və olacaq. Bu baxımdan Ermənistan bir neçə istiqamətdə dövlət kimi legitimliyini daha da şübhə altına salmadan biabırçı ana maddələr toplusunda fundamental dəyişiklik etməlidir.
O ki qaldı fərqli siyasi kluarların, əks cəbhələrin müzakirə mövzusu olan ki, Azərbaycanın Qərbdən uzaqlaşması iddialarına birincisi, dövlət başçımız açıq formada dedi ki, bizim ailəmiz Türk Dövlətləri Təşkilatıdır. İkincisi isə Azərbaycana qarşı yalançı təbliğatın heç bir əsası yoxdur, biz yerimizdə və mövqeyimizdəyik. Ermənistanın destruktiv mövqeyinə dəstək göstərib, bizim də balanslı mövqeyimizə münasibətdə israrla “bizdən uzaqlaş” istiqamətində addımlar atılsa heç kimin qapısının kəndarında boynumuzu bükəcək Azərbaycan deyilik. İstənilən məsələ ilə bağlı diplomatik təmaslar ola bilər, lakin Azərbaycan xarici siyasətini hansısa rəqabətə reaksiya üzərindən deyil, milli maraqlarını təmin etmək üzərindən realizə edir. Siyasətimizin bu cür lokallaşdırılması və ya hansısa çərçivəyə salınması düzgün deyil. Məhz qapıdan girməyə çalışanların özü oyunçu dəyişikliyinə gedərək siyasətimizin qlobal xarakter daşıdığını təsdiqlədi. Biz heç kimin çətiri altında deyilik”.
//Gülnarə Abasova, Editor.az

