Sülhməramlılar Qarabağda 5 ildən artıq qalacaqmı?- “Onların fəaliyyət müddətinin uzadılması…”backend

Sülhməramlılar Qarabağda 5 ildən artıq qalacaqmı?- “Onların fəaliyyət müddətinin uzadılması…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradovun missiyasını baş vurması onun Qarabağdakı fəaliyyəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Cəmiyyətimizdə Muradovun Qarabağdakı missiyasını 10 noyabr üçtərəfli bəyanatına uyğun yerinə yetirib-yetirmədiyi barədə bir çox suallar var. Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı isə bəlli olub. Bu, general-mayor Mixail Kosobokovdur. Artıq general ilk səfərini də reallaşdırıb. Ermənistana gedərək müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov Editor.az-ın suallarını cavablandırıb.

-Rüstəm Muradovun bir illik fəaliyyətini necə dəyərləndirirsiz? Yeni generaldan gözləntiniz nələrdir?

-Hərbçilər tərəfindən həyata keçirilən sülhməramlı missiya ümumi halda hüquqi vəzifədir. Amma müasir müharibələrin xüsusiyyətlərini nəzərə aldıqda bunun həmdə siyasi mahiyyət daşıdığı şübhəsizdir. Deməli, hərbi kontingentin komandanının fəaliyyətini qiymətləndirmiş olsaq bu amilin nəzərə alınması mütləqdir. Verilən bütün qərarların və atılan addımların birbaşa olaraq məxsus olduğu dövlətin hərbi-siyasi rəhbərliyi ilə birmənalı olaraq razılaşdırıldığı danılmaz faktdır. Bunun əksini düşünmək yanlış olardı. Ona görə də, general-leytenant Rüstəm Muradovun fəaliyyətini onun şəxsiyyəti və peşəkarlığı ilə tam olaraq əlaqələndirmək düzgün olmazdı. Alınmış təlimata uyğun olaraq həyata keçirilmiş fəaliyyət də daha çox Rusiyanın regional maraqlarının müdafiə edilməsi, sülhməramlıların imkanlarının genişləndirilməsi, separatçıların qeyri-qanuni əməllərinə loyal münasibət göstərilməsi, sülhün və təhlükəsizliyin təmin olunmasında hər hansı ciddi addımın atılmaması ilə yadda qaldı.
Bu baxımdan vaxtı yekunlaşmış general-leytenant Rüstəm Muradovun general-mayor Mixail Kosobokovla əvəzlənməsi hər hansı fərqli düşüncəyə əsas vermir. Bu sadə bir prosedur qaydasıdır. Bu baxımdan general-mayor Mixail Kosobokovun da sələfinin yolunu davam etdirəcəyi, Kremlin verdiyi təlimatlara uyğun davranacağı kimsədə şübhə yaratmır. Çünki hərbi rəhbərliyin tam müstəqil olaraq qərarvermə imkanlarının məhdud olmasını nəzərə aldıqda yeni komandanın hər hansı formada fərqlənəcəyi inandırıcı görünmür.

-Sülhməramlı kontingentinin komandanının dəyişməsi onların fəaliyyətində dəyişikliklərə gətirib çıxaracaqmı?

-İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra rus sülhməramlılarının beynəlxalq mandat almadan Azərbaycan ərazilərində yerləşdirilməsi iki tərəf arasında münaqişə sonrası yarana biləcək xoşagəlməz halların qarşısını almaq fikrini formalaşdırdı. Lakin, bölgədə sülhün qarantı kimi görünən bu qüvvələr əslində Rusiyanın geosiyasi maraqlarına xidmət etmək məqsədini daşıdığı açıq-aşkar hiss olundu. Habelə, 10 noyabr bəyanatının ziddinə olaraq separatçıların təxribatçı əməllərinə, atəşkəsi tez-tez pozmalarına loyallıq nümayiş etdirmələri, onların Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmamaları isə cəmiyyətin haqlı narazılığına gətirib çıxardı. Amma qeyd etmək lazımdır ki, sülhməralı missiyanın fəaliyyətində hazırkı dövrə kimi Azərbaycan tərəfini qane edəcək addımların müşahidə edilməməsi heç də onun rəhbərliyi ilə birbaşa əlaqəsi yoxdur. Sülhməramlıların tabe olduqları dövlətin geosiyasi gücünü, regiona nəzarət və təsir imkanlarını qoruyub saxlamaq niyyətini nəzərə aldıqda, yeni komandanın fəaliyyətində ciddi dəyişiklərin olacağını düşünmək sadəlövlük olardı. Yalnız Rusiyanın beynəlxalq geosiyasi mövqelərinin zəifləməsi, Azərbaycanın Türkiyə ilə iqtisadi-siyasi-hərbi sahədə əməkdaşlığının dərinləşdirməsi fonunda ümid etmək olar.

-Tez-tez Qarabağda sülhməramlıların 5 ildən daha çox qalacağı ilə bağlı fikirlər səsləndirilir. Belə bir şey mümkündürmü? Mümkündürsə hansı üsullarla?

Rusiyanın Ermənistandakı özünə yaxın ruspəsət hərbi-siyasi kadrlardan istifadə etməklə regiondakı mövcudluğunun vacibliyi haqqında fikir formalaşdırmaq cəhdləri təsadüfi deyil. Rusiya bununla regiondakı üstünlüyünü möhkəmləndirməyə çalışır.
Heç şübhəsiz ki, bu missiyanın qalması hazırkı dönəmdə Rusiya qədər Ermənistan üçün də müsbət əhəmiyyətə malikdir. Bu missiya həm də ermənilərin Xankəndində və ona yaxın ərazilərdə məskunlaşdırma siyasətinin, separatçıların təxribatçı əməllərinin, terrorçu fəaliyyətinin genişlənməsinə, atəşkəsi tez-tez pozma hallarına dolayısı ilə şərait yaradır. Hətta “yaradılmış” bu arxayınçılıqdan istifadə edən ermənilər revanşist – müharibə iddialarını yenidən gündəmə gətirməkdən çəkinmirlər. Görünür sülhməramlıların 5 ildən daha çox qalacağı ilə bağlı fikirlər səsləndirmələri də bu məqsədə xidmət göstərir.
Düşünürəm ki, Ermənistanın hazırkı rəhbərliyi yaxşı anlayır ki, sülhün və təhlükəsizliyin təmin edilməsi üçün hər iki dövlətin suveren davranışı vacibdir. Bunun üçün sülh sazişinin imzalanması, tərəflərin bir-birinin ərazi bütövlüyünü, sərhədlərini tanıması mütləqdir. Belə olan vəziyyətdə qarşılıqlı iqtisadi-siyasi münasibətlərin normallaşmasının, inkişafının təmin olunması mümkündür. Amma hələ də işğalçılıq, şovinizm, separatçılıq düşüncəsinin qalması buna mane olur. Bu düşüncənin qalmasında heç şübhəsiz ki, sülhməramlı missiyanın mövcudluğunun az rolu yoxdur.
Ona görə də düşünürəm ki, Ermənistan özünün iqtisadi-siyasi inkişafını təmin etmək üçün regional sülhün və təhlükəsizliyin qorunmasına məsuliyyətlə yanaşmış olsa, işğalçılıq siyasətindən əl çəksə, sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmaz. Başqa sözlə rus sülhməramlılarının fəaliyyətinin gələcəkdə uzadılması məsələsi Azərbaycan və Ermənistanın siyasi iradəsindən və qarşılıqlı davranışlarından daha çox asılı olacaq.

//Gülnarə Abasova, Editor.az